
Hindistan bayrağı altında üzən "Green Sanvi" adlı LPG tanker gəmisi Hörmüz boğazını uğurla keçib.
AFN.az xəbər verir ki, "NDTV" telekanalının gəmilərin izlənməsi məlumatlarına əsaslanan xəbərinə görə, sözügedən tanker boğazdan təhlükəsiz şəkildə keçidini tamamlayıb.
Bununla da "Green Sanvi" ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri Hörmüz boğazından keçən Hindistan bayraqlı yeddinci gəmi olub. Qeyd edilən bütün bu gəmilərin mayeləşdirilmiş qaz (LPG) daşıdığı bildirilir. Hazırda "Green Asha" və "Jak Vikram" adlı digər LPG tankerlərinin də boğazdan keçmək üçün növbə gözlədiyi barədə məlumatlar var.
Gündəlik təxminən 20 milyon barel neftin daşındığı kritik marşrut olan Hörmüz boğazında dəniz nəqliyyatı müharibə səbəbindən ciddi şəkildə çətinləşib. Boğazdakı bu axsamalar neft qiymətləri ilə yanaşı, daşıma və sığorta xərclərini də artıraraq qlobal iqtisadiyyatla bağlı narahatlıqları dərinləşdirib.