Elitada qalmaq üçün oynayan iki komandanın ilk baxışdan heç bir maraq kəsb etməyən duelində mövsümün ən gözəl qollarından biri vuruldu. Əmrə Belözoğlunun çalışdırdığı ''Kasımpaşa'' Adrian Benediçakın qolu ilə fasiləyə öndə yollandı. Qarşılaşmanın 66-cı dəqiqəsində həm yekun nəticə müəyyənləşdi, həm də uzun müddət unudulmayacaq bir qol vuruldu.
Meydan sahiblərinin qapıçısı Andreas Yanniotis komandasının hücumunu uzun ötürmə ilə başlayaraq topu irəli vurdu. Top bir qədər irəli çıxan qonaqların qapıçısı Bilal Baayazıtın önündə yerə düşdükdən və onun başı üzərindən keçdikdən sonra tora daxil oldu. İstər-istəməz Arda Gülərin bir müddət öncə ''Real''ın heyətində ''Elçe''yə 68 metrədən vurduğu qol yada düşdü. Amma yunanıstanlı qapıçı zərbəni daha arxadan endirdi. Ona görə də qol təxminən 80 metrə yaxın bir məsafədən vuruldu.
Matçın ardından Yanniotis bunları dedi:
''Topun yerə düşdükdən sonra bir də qalxdığını gördüm. Növbəti anda isə artıq topun qapıya daxil olduğunu gördüm. Çox sevincliyəm. Amma rəqib qapıçı Bilal üçün çətin bir durumdu. O yaxşı qapıçıdı. Biz qapıçılar bir-birimizə dəstək olmalıyıq. Bu üzdən ona yaxınlaşaraq təsəlli verdim''.