Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Türkiyədə qadın uçuşa hazırlıq zamanı yersiz zarafat etdiyinə görə cəzalandırılıb. İstanbul məhkəməsi onu uçuş təhlükəsizliyinə təhdid yaratmaqda təqsirli bilərək 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə 2026-cı il fevralın 9-da “AJet” aviaşirkətinə məxsus İstanbul - Şanlıurfa reysi zamanı baş verib. Təyyarə Sabiha Gökçen hava limanında uçuşa hazırlaşırmış. Bu zaman iki bacı arasında baş verən söhbət ciddi nəticələrə səbəb olub.
İstintaqın məlumatına görə, qadınlardan biri stüardessaya müraciət edərək bacısını göstərib və zarafatla “Bu canlı bombadır, onu təyyarəyə buraxmayın” deyib. Lakin bu ifadə real təhlükə kimi qəbul edilib.
Bəyanatdan dərhal sonra təyyarədə bütün təhlükəsizlik protokolları işə salınıb. Sərnişinlər təcili şəkildə təxliyə edilib, təyyarə isə hüquq-mühafizə orqanları və hava limanının təhlükəsizlik xidməti tərəfindən ətraflı yoxlanılıb. Nəticədə partlayıcı maddə aşkarlanmasa da, yoxlamalara görə reys təxminən üç saat gecikib.
Hər iki qadın saxlanılaraq dindirilməyə aparılıb. Onlar hüquq-mühafizə orqanlarına bildiriblər ki, deyilən söz sadəcə zarafat olub və heç bir real təhlükə mövcud olmayıb. Buna baxmayaraq, “AJet” aviaşirkəti bacıları bir il müddətinə “qara siyahı”ya salaraq öz reyslərindən istifadəni qadağan edib.
Bu hadisə zərərçəkənin şikayəti tələb olunmayan hüquq pozuntusu sayıldığı üçün prokurorluq işi müstəqil şəkildə açıb. Qadına hava nəqliyyatının hərəkətinə mane olma maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə işi ilk iclasda nəzərdən keçirərək belə bəyanatların təyyarə daxilində real təhlükə yaratdığını və ciddi nəticələrə səbəb ola biləcəyini bildirib. Nəticədə təqsirləndirilən şəxs 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Əgər apellyasiya məhkəməsi qərarı dəyişməzsə, qadın cəzasını həbsxanada çəkəcək. Bundan əlavə, aviaşirkət uçuşun gecikməsi nəticəsində yaranmış maliyyə zərərinin ödənilməsi üçün mülki iddia qaldırmağa hazırlaşır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.