Moskvanın Beynəlxalq Ticarət Mərkəzində MDB İqtisadi Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib.
Musavat.com qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Azərbaycanı ötən il 80 yaşı tamam olan baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.
Yada salaq ki, iki gün əvvəl Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib. Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.

Toplantıda MDB məkanında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və birgə layihələrin inkişafı ilə bağlı geniş müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyəti bu müzakirələrdə fəal iştirak edərək xüsusilə qarşılıqlı ticarətin artırılması, logistika imkanlarının genişləndirilməsi və iqtisadi əlaqələrin şaxələndirilməsi məsələlərinə diqqət çəkib.
İclasda diqqət mərkəzində olan əsas təşəbbüslərdən biri “Birlik Yarmarkası” layihəsi olub. Bu təşəbbüs çərçivəsində MDB ölkələrinin müxtəlif şəhərlərində hər il genişmiqyaslı ticarət tədbirlərinin keçirilməsi planlaşdırılır. İqtisadi Şuranın qərarı ilə məhsul və xidmət keyfiyyəti sahəsindəki nailiyyətlərə görə təşkilatlara MDB-nin mükafatları təqdim edilib. Maraqlıdır ki, fərlənən təşklatlar arasında Azərbaycanın adı yoxdur.
Radioaktiv tullantıların idarə olunması və nüvə obyektlərinin təhlükəsiz istismardan çıxarılması ilə bağlı 2030-cu ilə qədər əsas əməkdaşlıq istiqamətləri təsdiqlənib. Bu qərarlar regionda ekoloji təhlükəsizliyin təmin olunması baxımından mühüm addım kimi qiymətləndirilir.
Toplantıda MDB ölkələrinin geodeziya, kartoqrafiya və geoinformasiya texnologiyaları sahəsində əməkdaşlığına dair hesabat da təqdim olunub. Qeyd edilib ki, artıq MDB məkanında vahid geoinformasiya portalı yaradılıb və istifadəyə verilib.
MDB İqtisadi Şurasının növbəti iclasının 2026-cı ilin iyun ayında yenidən Moskvada keçirilməsi planlaşdırılır.
Musavat.com