Amerika Birləşmiş Ştatlarında 2020-ci ildə Amerikanın hücumu nəticəsində həlak olmuş general Qasım Süleymaninin qardaşı qızı və qardaşı nəvəsi həbs edilib.
Publika.az xəbər verir ki, saxlanılmanın ardınca onların ABŞ ərazisində qanuni yaşayış statusu ləğv edilib.
Dövlət Departamentinin verdiyi məlumata görə, federal xidmətlər İslam İnqilabı Keşikçiləri Korpusunun "Əl-Qüds" xüsusi bölməsinin komandanı olmuş generalın qohumlarını həbs edib. Rəsmi bəyanatda qeyd olunub ki, dövlət katibi Marko Rubio tərəfindən onların daimi rezident statusunun ləğvi barədə qərar qəbul edilib və bundan sonra saxlanılma həyata keçirilib.
Sənədə əsasən, saxlanılanlardan biri - generalın Los-Ancelesdə yaşayan qardaşı qızı şəbəkədə və ictimai məkanda İrana aktiv dəstək nümayiş etdirib, həmçinin Yaxın Şərqdəki Amerika hərbçilərinə və obyektlərinə qarşı yönəlmiş hərəkətləri bəyənib. Hər iki qadın hazırda nəzarət altındadır.
Bu, Amerika hakimiyyətinin İran xadimlərinin yaxınlarına qarşı bənzər addımlar atdığı ilk hal deyil. Bundan əvvəl nüfuzlu İran rəsmisi Əli Laricaninin qızının və onun həyat yoldaşının yaşayış icazəsi ləğv edilmiş və ölkəyə girişi qadağan olunmuşdu.