AZ

Ehtiram Quliyev, sən nə edirsən, başa düşmürsən?

Dünən ölkə kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vuruldu. «Qarabağ» - «Sabah» matçı 90 dəqiqə ərzində böyük maraq doğurdusa, «Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyevin «Zirə» ilə qarşılaşmadan sonra verdiyi açıqlamalar ortalığı yaman qarışdırdı. 0:2 hesablı məğlubiyyətin təsiri altında media mənsublarının önünə çıxan rəhbər indiyədək heç vaxt olmadığı qədər sərt danışdı, «halal-haram» söhbəti elədi. Komandasının «Zirə» önündə bərbad futbolunu, yeknəsək oyun tərzi ilə ürək bulandırmasını, Kurban Berdiyevin taktiki yanışmasıyla oyuna ağırlıq qoya bilməməmsini bir kənara qoyub, Əliyar Ağayevin yaxasından yapışdı, onu yalnız «ağ yuyub, qara sərmədi», eyni zamanda, təhdid etdi.
Hakimlər səhv elədimi? Razıyam, əlbəttə. Azərbaycanın ən elit referisi sayılan Əliyar Ağayev bəyəm birinci dəfədir ki, oyunun içinə «gül düzür»? O, Avropada bir cür idarəçilik edir, yaxşı qiymətlər alır, qayıdır bura və… Çox vaxt təyinat aldığı qarşılaşmaları «zibilləyir». Onun bu «zibilləmə»sindən «Turan» yararlanmayıb ki? İlk dövrənin «Neftçi» ilə səfər oyununda İqor Ribeyronu qırmızı vərəqəylə «yükləyən», 10 nəfərlə qalmış ev sahiblərini «Turan»a uduzduran Əliyar olmayıb ki? Görəsən, Ehtiram Quliyev həmin matçdan sonra Ağayevə «halal olsun, bizə kömək etdin!» deyibmi ki, indi də «futbolçuların axıtdığı tər sənə haram olsun!» söyləyir?
Ötən mövsümdən bəri «Turan Tovuz» bir çox qarşılaşmalarda hakimlərdən simpatiya görüb. Düzdür, onlardan zərbə yedikləri oyunlar da olub, xatırlayıram, amma yadıma gəlmir ki, Ehtiram Quliyev bircə dəfə çıxıb ya o tərəfə, ya bu tərəfə nəsə söyləsin.
Nə oldu da, pişikmi asqırdı indi? Həmin Əliyardır da, «Turan»ın lehinə yanlış qərarlar verəndə əziz idi, bir səhv edən kimi «pıxı» oldu?
Ehtiram Quliyevi danışdıran səbəblər başqadır, yalnız bu oyunla bağlı deyil, fikrimcə. Bəzən bəndənizə elə gəlir ki, «Turan Tovuz»un əsl sahibləri pərdə arxasındadır, o, sadəcə, görüntü üçün ortalıqdadır. Qeyri-ixtiyari beynimdən keçir ki, Quliyev həmin kəslərə bir şeylər söz verib - çempionluq, kubok kimi. Komandanın bu məqsədlərə çatmağı bacarmadığını görən kimi bu tip açıqlamalarla gündəmi dəyişdirmək, haqsızlığa uğramış, haqqı əlindən alınmış binəva obrazı yaradır. Belə danışansa, onda da danışardın da, niyə danışmırdın?
Ehtiram Quliyevin danışdığı gün, yəni dünən AFFA-nın növbəti hesabat konfransı keçirildi. Bilmədim AFFA-dan umduğu nədir, gözlədiyi nədir, nə olmalı idi, olmadı, suyu bulandırmaq istədi sanki.
Bu açıqlamalar yalnız AFFA-nı narahat etməməlidir. Hüquq-mühafizə orqanları Ehtiram Quliyevin azarkeşlərə çağırış etməsindən hərəkətə gəlməlidir. Və yəqin ki, gələcək. Əllərini belinə tərəf apararaq təsbeh çevirən sədrin «Turan» fanatlarını etiraza səsləməsi elə-belə məsələ deyil.
Biz hansı ölkədə yaşayırıq? Mən bilirəm, Ehtiram Quliyev bilmir? Bir hakimə görə «Turan» tərəfdarını ayağa qaldırmaq nədir, o, proseslərin sonrakı axarını təsəvvür edir, görəsən? Sən bu ölkədə yaşayırsan, işləyirsən, pul qazanırsan. Dövlət bba sağ olsun, sənə şərait yaradıb, biznesini sürətlə inkişaf etdirirsən. Azarkeşlərə niyə «səssiz qalmayın» mesajı göndərirsən? Həmin futbol simpatizanlarından biri Ağayevə əl qaldırdı, yaxud başqa nəsə elədi, Quliyev anlamırmı ki, buna görə sabah cavab verməli olacaq? Sən hakimdən narazısan, etirazını bildir. Danış, bəyanat yay. Publika ilə nə işin var? Deməli, belə çıxır ki, Əliyar bir də heç vaxt Tovuz torpağına ayaq basmamalıdır. Niyə?
Aranı bu cür qarışdırmaq tapşırığını kimdən alıb? Bax, araşdırılması gərəkən vacib məqamlardan biri budur. Onda üzə çıxacaq ki, bu, sırf Ehtiram Quliyevin affekt vəziyyətə düşməsindən irəli gələn haldır, yoxsa Nəsimi Paşayevin növbəti məsləhəti? Ey böyük «Turan» azarkeşi, ehtiyatlı ol və səbrli davran! Ehtiram Quliyevin hər sözünün arxasınca getmə. Narahat olma, o, bundan belə hara lazımdırsa, ora da gedəcək. Özü istəsə də, istəməsə də. Könüllü olsa da, olmasa da.

MUSA

Seçilən
9
18
sportinfo.az

10Mənbələr