BAKI, TurkicWorld, Orxan Qədirzadə
Azərbaycanda maliyyə və vergi sahəsində biliklərini artırmaq, bahalı səhvləri dəyərli təcrübəyə çevirmək istəyən peşəkarlar növbəti dəfə bir araya gəlib. Ölkəmizdə artıq 4-cü dəfə keçirilən Vergi və Mühasibatlıq Zirvəsi bu dəfə “Bahalı səhvlər” mövzusuna həsr olunub.
TurkicWorld xəbər verir ki, Zirvə “Facemark” və “Good Finance” şirkətlərinin tərəfdaşlığı ilə təşkil olunub. Eyni zamanda tədbirə PAŞA Bank və Unibank bank sponsorluğu, Azintelecom isə rəqəmsal həllər üzrə dəstək verib.
Zirvə çərçivəsində maliyyə idarəçiliyi, vergi və əmək münasibətləri sahəsində şirkətlərin ən çox yol verdiyi kritik səhvlər geniş müzakirə olunub. Ekspertlər bu səhvlərin yaranma səbəblərini, biznes üçün yarada biləcəyi hüquqi və maliyyə riskləri real nümunələr əsasında təhlil ediblər. Eyni zamanda risklərin qarşısının alınması yolları, düzgün qərarvermə mexanizmləri və praktik həllər iştirakçılarla bölüşülüb.
“Maliyyə riskləri və uçot” panelində maliyyə qərarlarının düzgün qiymətləndirilməsi, uçot sisteminin effektiv qurulması və maliyyə intizamının təmin olunması əsas müzakirə mövzusu olub. Ekspertlər vurğulayıb ki, bu sahədə buraxılan səhvlər şirkətlər üçün ciddi nəticələrə səbəb ola bilər.
“Əmək münasibətlərində uçot riskləri” panelində isə əmək müqavilələri, işçi-işəgötürən münasibətləri və qanunvericilikdə tez-tez rast gəlinən boşluqlar diqqət mərkəzində olub. Xüsusilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi-nin 18 fevral tarixli qərarının şərhi və atalıq məzuniyyəti ilə bağlı yeniliklər iştirakçıların marağına səbəb olub.
“Vergi riskləri” paneli isə tədbirin ən diqqətçəkən hissələrindən biri olub. Paneldə vergi yoxlamaları zamanı şirkətlərin üzləşdiyi risklər, hüquqi məsuliyyət və bu risklərin idarə olunması yolları müzakirə edilib. Panelin spikerləri sırasında Samir Qəhrəmanov, Emil Rəhimov və Anar Cabbarov yer alıb.
Tədbirin açılışında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti-nin baş idarə rəisi Nicat İmanov çıxış edərək iştirakçıları salamlayıb və vergi sahəsində yeniliklərin əhəmiyyətindən danışıb.
Spikerlər çıxışlarında xüsusilə mühasiblərin qanunvericilikdəki dəyişiklikləri daim izləməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, yalnız vergi siyasəti deyil, həm də mühasibat uçotu siyasəti diqqətdə saxlanılmalıdır.
Zirvə çərçivəsində səsləndirilən fikirlərdən biri isə diqqət çəkib: “Vergi də bir sevgidir – onu vaxtında bəyan etmək lazımdır”. Bu yumorlu yanaşma iştirakçılar tərəfindən maraqla qarşılanıb və tədbirin yadda qalan mesajlarından birinə çevrilib.
Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (TurkicWorld) və VOA Vergi və Mühasibatlıq Zirvəsinin rəsmi media tərəfdaşıdır.