AZ

80 illik şərab rekord qiymətə satıldı – bir butulkası...

ABŞ-də keçirilən hərracda nadir bir şərab butulkası dünya rekordunu yeniləyib.

Musavat.com xəbər verir ki, Amerikanın Acker hərrac evi 1945-ci il məhsulu olan Domaine de la Romanée-Conti qırmızı şərabını 815 min 500 dollara satıb.

Bununla da əvvəlki rekord geridə qalıb. Belə ki, 2018-ci ildən qüvvədə olan 558 min dollarlıq nəticə yenilənib və bu satış dünyanın ən bahalı şərab butulkası kimi tarixə düşüb.

Məlumata görə, sözügedən butulkanın 80 illik yetişmə tarixi var. Şərab Burqundiya bölgəsinin məşhur şərabçısı Robert Druenin şəxsi zirzəmisində saxlanılıb. Bundan başqa, bu partiya üzüm bağlarının yenidən əkilməsindən əvvəl istehsal olunan son nümunələrdən biri hesab olunur.

1945-ci il məhsulunu unikal edən əsas səbəblərdən biri həmin dövrdə üzüm tənəklərinin artıq təxminən bir əsrlik olmasıdır.

Məhz bu köhnə bağlar XIX əsrdə Avropanın böyük hissəsində üzümçülüyü məhv edən filloksera adlı təhlükəli parazitə də tab gətirmişdi.

Hərrac evi bildirir ki, həmin ilin istehsalı son dərəcə məhdud olub və bu günə qədər salamat qalan butulkaların sayı olduqca azdır.

Acker hərrac evinin rəhbəri Con Kapon da bu şərabın qeyri-adi keyfiyyətini xüsusi vurğulayıb. O, həyatında cəmi üç dəfə bu içkini daddığını bildirərək, bunun indiyə qədər içdiyi ən yaxşı şərab olduğunu söyləyib.

Musavat.com

Seçilən
13
4
musavat.com

10Mənbələr