AZ

İslandiyaya “ən pis fotolar” üçün 50 min dollar: aviaşirkətdən qeyri-adi kampaniya

İslandiyanın milli aviadaşıyıcısı maraqlı kampaniyaya start verib. Musavat.com xəbər verir ki, Icelandair özünü “pis fotoqraf” hesab edən bir nəfəri seçərək ona təxminən 10 günlük, bütün xərcləri qarşılanan İslandiya səfəri və 50 min ABŞ dolları vəd edir.

Şirkətin rəsmi məlumatına görə, qalibdən məhz “ən uğursuz”, əyri, bulanıq və alınmamış kadrlar gözlənilir. Kampaniyanın ideyası ondan ibarətdir ki, hətta zəif foto çəkən biri belə İslandiyada diqqətçəkən görüntülər əldə edə bilər.

Lakin burada bir mühüm detal da var: seçilən iştirakçı sadəcə şəkil çəkməyəcək. O, reklam kampaniyasının simasına çevriləcək, video çəkilişlərdə iştirak edəcək və hazırlanan kontent qlobal tanıtım materiallarında istifadə oluna biləcək. Rəsmi səhifədə qeyd olunur ki, 50 min dollar məhz fotolar, kontent və kampaniyada iştirak müqabilində ödənilir.

Müraciətlər 30 aprel 2026-cı ilədək qəbul olunur. Rəsmi şərtlərə əsasən, namizədin peşəkar fotoqraf olmaması, ingilis dilində danışa bilməsi, səyahətə hazır olması və açıq hava şəraitində aktiv çəkilişlərə uyğun gəlməsi tələb olunur.

Beləliklə, illərlə telefonda saxlanılan “uğursuz kadrlar” bu dəfə sahibinə həm İslandiya turu, həm də böyük məbləğdə qazanc gətirə bilər.

Musavat.com

Seçilən
9
50
musavat.com

10Mənbələr