Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 20-ci sahə istiqamətində avtomobil yolunun keçdiyi ərazidə yamacın yuxarı hissəsində baş verə biləcək torpaq sürüşməsi təhlükəsi ilə bağlı aidiyyəti qurum tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət daxil olub.
BAKU.WS xəbər verir ki, AAYDA-dan Oxu.Az-a verilən məlumata görə, müraciət nəzərə alınaraq, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan yamacın aşağı hissəsindən keçən avtomobil yolunun müvəqqəti olaraq bağlanması barədə qərar qəbul edilib.
Hazırda yolda hər-hansı problem yoxdur, yamacın yuxarı hissəsi isə aidiyyəti qurumlar tərəfindən nəzarətdə saxlanılır.
***09:18
Badamdar yamacında sürüşmə təhlükəsi yaranıb.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, hazırda yamacın yuxarı hissəsində sürüşmənin aktivləşdiyi bildirilir.
Təhlükə ilə əlaqədar olaraq Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyinin məsul şəxsləri və polis əməkdaşları hadisə yerinə cəlb olunublar.
Badamdar-20-ci Sahə yolunda nəqliyyatın hərəkəti tamamilə dayandırılıb, yol bağlanıb. Polis ərazini nəzarətə götürüb.
Qeyd edək ki, Badamdar-20-ci Sahə yolunda əvvəllər də dəfələrlə sürüşmə qeydə alınıb. Son illərdə bu halın aktivləşməsi əsasən yağışlı hava şəraiti ilə əlaqələndirilir.