AZ

Peskov: Ermənistan Aİİ və Aİ-yə eyni vaxtda üzv olmağın qeyri-mümkünlüyünü anlayır

BAKI, 5 aprel. TELEQRAF

Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakı hazırda bu ölkəyə Müstəqil Dövlətlər Birliyi (MDB) üzrə orta göstəriciləri üstələyən templərlə inkişaf etmək imkanı verir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin rəsmi nümayəndəsi Ermənistanın təşkilatdakı iştirakını şərh edərək qeyd edib: "Sizin Aİİ şəklində inteqrasiyanız var. Siz orada ciddi gəlirlər əldə edirsiniz. Aİİ-yə üzv olmağınız sizə hazırda yüksək templərlə inkişaf etmək imkanı yaradır. Bu templər həm MDB üzrə orta göstəricilərdən, həm də Rusiya Federasiyasındakı artım sürətindən xeyli yüksəkdir".

D.Peskov vurğulayıb ki, Aİİ və Avropa İttifaqının (Aİ) "əməliyyat sistemləri" bir-birinə uyğun gəlmir. Onun sözlərinə görə, İrəvanın eyni vaxtda hər iki ittifaqda təmsil olunmağın qeyri-mümkünlüyünü başa düşməsi vacib amildir.

Rusiya və Ermənistanı dərin tarixi köklərin birləşdirdiyini deyən Peskov, İrəvanın xarici siyasət prioritetlərinin Moskvanın maraq dairəsində olduğunu bildirib. O, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı son görüşü "faydalı və səmimi" kimi xarakterizə edərək, liderlərin öz mövqelərini qarşılıqlı şəkildə ifadə etdiklərini diqqətə çatdırıb.

Dmitri Peskov həmçinin əlavə edib ki, Moskva Ermənistanda keçiriləcək seçkiləri İrəvanla müzakirə etməyi özünün legitim hüququ hesab edir.

Seçilən
17
teleqraf.com

1Mənbələr