Azərbaycanın tanınmış opera müğənnisi, dramatik tenor, Xalq artisti Yusif Eyvazov Live Stream FM-ə müsahibəsində həyat yolu, yaradıcılığı və Azərbaycan operasının inkişaf perspektivləri barədə danışıb.
Sənətçi Əlcəzairdə dünyaya gəlsə də, uşaqlıq və gənclik illəri Bakıda keçib. Musiqiçi ailəsində böyümədiyini deyən sənətçi əvvəlcə estrada janrına maraq göstərdiyini, lakin sonradan opera sənətinə yönəldiyini vurğulayıb.
“1997-ci ildə İtaliyaya getdim. Orada başa düşdüm ki, bu sənətlə ciddi məşğul olmaq istəyirəmsə, peşəkar yanaşmalıyam. 17 il İtaliyada yaşadım və bu ölkə mənim üçün ikinci vətənə çevrildi”, – deyə Eyvazov qeyd edib.
Dünyanın müxtəlif səhnələrində çıxış edən sənətçi tamaşaçı fərqlərindən də danışıb. Onun sözlərinə görə, İtaliya tamaşaçısı emosional və tələbkar, Almaniya və Avstriya tamaşaçısı isə daha intizamlıdır. Amerika və Asiya ölkələrində isə sənətçilərə xüsusi sevgi və hörmət göstərilir.
Opera sənətində obraz yaratmağın incəliklərinə toxunan Yusif Eyvazov qeyd edib ki, əsas məqsəd tamaşaçını inandırmaqdır: “Sən obrazı özün kimi yox, o insanın yerində olsaydın nə edərdin prinsipi ilə yaşamalısan”.
O həmçinin bildirib ki, sənətkar üçün əsas çətinlik zirvəyə çatmaq deyil, həmin səviyyəni qoruyub saxlamaqdır: “Hər dəfə səhnəyə çıxanda sübut etməlisən ki, bu ada layiqsən”.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru kimi fəaliyyətindən də danışan Eyvazov ölkədə operaya marağın artdığını vurğulayıb. Onun sözlərinə görə, tamaşaçı cəlb etmək üçün ilk növbədə keyfiyyətli səhnə əsərləri təqdim olunmalıdır.
“Əgər tamaşa keyfiyyətlidirsə, tamaşaçı özü gələcək və başqalarını da gətirəcək”, – deyə o əlavə edib.
Sonda sənətçi izləyicilərə mesaj ünvanlayıb:
“Hansı işlə məşğul olursunuzsa olun, onu sevgi ilə edin. İnkişafın yeganə yolu budur”.
Hit.az Xalq artistinin müsahibəsini təqdim edir: