“Nizami Kino Mərkəzinin divarlarına qrafiti çəkən Belarus vətəndaşı, ADA Universitetində təhsil alan 20 yaşlı Ardeshir Seyfpour Saad Abadin barəsində məhkəmə 4 ay müddətində həbs qətimkan tədbiri seçib. Bu hadisədə bir məqamı açıq şəkildə demək lazımdır: daxili işlər orqanları hadisəni operativ şəkildə aşkar edib, öz vəzifələrini yerinə yetiriblər və bu, təqdir olunmalıdır. Amma bundan sonrakı mərhələ — məhkəmənin 4 aylıq həbs qətimkan tədbiri seçməsi nə hüquqi məntiqə, nə də ədalət hissinə uyğun görünür”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Razi Nurullayev bildirib.
R.Nurullayev qeyd edib ki, edilən hərəkət yanlışdır: “Heç kim xuliqanlığı müdafiə etmir. Amma məsələ ondadır ki, törədilən əməl ilə verilən cəza arasında ciddi uyğunsuzluq var. 20 yaşlı gənclərdən biz nə gözləyirik? Onlar həyatın ən emosional, ən qeyri-sabit dövründə olan insanlardır. Bu yaşda səhvlər edilir, özümüz 20 yaşımızda səhvsiz olmuşuqmu? İndi isə cəmiyyət olaraq başqa bir təhlükəli həddə çatırıq: ictimai qınaq artıq hüquqi qərarların üzərinə çıxır. Sosial şəbəkədə yaranan aqressiya dalğası nəticəsində daha sərt cəzalar tələb olunur və bu təzyiq dolayısı ilə qərarlara təsir edir. Bu isə çox təhlükəli tendensiyadır. Qanun emosiyaya yox, prinsiplərə əsaslanmalıdır. Əks halda sabah hər kəs eyni vəziyyətlə üzləşə bilər. “Abidədir, bilməli idi” arqumenti də real deyil. Hər bir gənc hər tikilinin hüquqi statusunu bilmək məcburiyyətində deyil. Bu cür hallarda yanaşma maarifləndirici və tərbiyəvi olmalıdır, həyat məhv edən yox. Ən ağrılı məqam isə cəmiyyətin reaksiyasıdır. Niyə bu qədər amansızlaşmışıq? Niyə dərhal ən ağır cəzanı tələb edirik? Sizin 20 yaşlı övladlarınız yoxdur? Onlar hər zaman ideal davranır? Bir səhvə görə bir gəncin həyatını qaranlığa sürükləmək istəyi nə ilə izah olunur? Bu davranış pisdir, bunu demək çətin deyil. Amma cəza ədalətli və proporsional olmalıdır. Cərimə et, lap inzibati qaydada qısa müddətli həbs ver, ictimai işlərə cəlb et, ziyanı aradan qaldırmağa məcbur et. Bu, həm hüquqi, həm də tərbiyəvi baxımdan daha düzgün yoldur. Cəmiyyət olaraq sürətlə sərtləşirik. Qınaq artır, mərhəmət azalır. Bu isə sağlam istiqamət deyil. Çünki ədalət yalnız cəza ilə yox, eyni zamanda insanlıq və anlayışla qorunur. Belə davam etmək olmaz. İndi zəhmət çəkin, sərt cəza tələb etdiyiniz kimi, tələb edin ki, o gənc tələbə qız haqqında həbs qətimkan tədbiri dəyişdirilsin və ADA Univetsitetindən də qovulmasın. Eşitdiyimə görə qovmaq istəyirlər. Bilin ki, sosial şəbəkələrdə yaratdığınız aqressiya bu qərarın alınmasında əsas rol oynayır”.