Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası yaşayış sahəsindən istifadə hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
İşin hallarına görə, iddiaçılar Abşeron rayonu Novxanı kəndində yerləşən bağ evi üzərində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını tələb etmiş, lakin inzibati orqan bu hüququn qeydiyyatının qanunvericilikdə nəzərdə tutulmadığını bildirərək müraciəti təmin etməmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək istifadə hüququnun reyestrdə qeydiyyata alınmalı olduğunu qeyd etsə də, apellyasiya instansiya məhkəməsi mübahisəyə fərqli mövqedən yanaşmış, iddiaçıların istifadə hüququnun ailə münasibətlərindən yarandığını və bu səbəbdən qeydiyyata alınmalı olmayan hüquq olduğunu əsas gətirərək dövlət reyestrində qeydiyyatı zəruri hesab etməmişdir.
Ali Məhkəmə isə mübahisəyə fərqli hüquqi yanaşma tətbiq edərək vurğulamışdır ki, mülkiyyət hüququ mütləq deyil və onun həyata keçirilməsi digər şəxslərin hüquq və maraqları ilə ədalətli və ağlabatan tarazlıq əsasında təmin olunmalıdır. Bu baxımdan yaşayış sahəsindən istifadə hüququnun qiymətləndirilməsi zamanı yalnız onun yaranma əsası deyil, həm də hüquqi mahiyyəti və daşıdığı funksiya nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərə istinad edən məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan istifadə hüququ mahiyyət etibarilə məhdud əşya hüququ olub servitut xarakteri daşıyır.