Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakıda evi plana düşən sakinlərin hüquqlarının müdafiəsi məqsədilə xüsusi komissiya yaradılır.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc AQC-də iqtisadçı-ekspertlərin iştirakı ilə keçirilən işçi görüşündə məlumat verib.
Bakıda həyata keçirilən söküntü işləri, vətəndaşların mülkiyyət hüquqlarının qorunması və kompensasiyaların düzgün təyin edilməsi məsələlərinə həsr edilən görüşdə çıxış edən Vüqar Oruc komissiyanın yaradılmasında əsas məqsədin söküntü işlərinin mövcud qanunvericilik çərçivəsində, düzgün və şəffaf şəkildə aparılması olduğunu bildirib.
Qeyd olunub ki, vətəndaşlara ödəniləcək kompensasiyalar real bazar qiymətlərinə və beynəlxalq qiymətləndirmə standartlarına uyğun hesablanmalıdır. Eyni zamanda evi sökülən sakinlərin narazılıqlarının minimuma endirilməsi üçün müstəqil qiymətləndirmə rəylərinin əhəmiyyəti artırılmalıdır. Söküntü prosesində iştirak edən tərəflər arasında obyektivliyin təmin olunması üçün AQC-nin ekspert potensialından maksimum istifadə ediləcək.
İclasda söküntü prosesində vətəndaşların qarşılaşdığı çətinliklərin aradan qaldırılması və bu sahədə peşəkar qiymətləndirmə standartlarının tətbiqi məsələləri müzakirə edilib. Söküntü zonalarında mülkiyyəti olan şəxslərin hüquqlarının müdafiəsi, onların problemlərinin operativ şəkildə araşdırılması və həlli məqsədilə xüsusi Komissiyanın yaradılması qərara alınıb.
Görüşdə iştirak edən ekspertlər söküntü işlərinin praktiki tərəfləri və sahə üzrə yaranan boşluqlar barədə təkliflərini səsləndiriblər.
Yaradılacaq komissiyanın həm dövlət qurumları, həm də vətəndaşlar üçün etibarlı bir platforma rolunu oynayacağı qeyd edilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.