ABŞ Prezidenti Donald Tramp “Fox News”a verdiyi müsahibədə İran daxilindəki müxalif qüvvələri silahlandırmağa çalışdıqlarını etiraf edib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Amerika lideri İrandakı müxalifətə çox sayda yüngül silah göndərildiyini, lakin bu prosesin uğursuzluqla nəticələndiyini bildirib.
Trampın sözlərinə görə, silahlar kürd qruplaşmaları vasitəsilə göndərilsə də, yük mənzil başına çatmayıb:
“İranlı müxalifətçilərə silah göndərdik, amma kürd yaraqlıları bu silahları İrana təhvil vermədilər, özlərinə götürdülər”.
Ağ Ev rəhbəri həmçinin Tehranın hərbi potensialı barədə ciddi iddialar irəli sürüb. O, İranın Avropaya və ABŞ-yə çata biləcək uzaqmənzilli raketlərin kütləvi istehsalına başladığını və heç kimin mövcudluğuna inanmadığı xüsusi silah növləri hazırladığını qeyd edib. Tramp maraqlı bir iddia ilə çıxış edərək bildirib ki, ABŞ Silahlı Qüvvələri artıq bu silahların bəzi nümunələrini İslam Respublikasından əldə edə bilib.
Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyat keçirirlər.
Qeyd edək ki, bir qədər əvvəl devrilmiş şahın oğlu Rza Pəhləvi də ABŞ-ı İrana “humanitar müdaxilə” etməyə çağırmışdı.
"Cebheinfo.az"