AZ

Rəsmi işi olmayanların NƏZƏRİNƏ: Yardım almaq mümkündürmü?

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər işsiz şəxslərə ünvanlanan dövlət sosial yardımı ilə bağlı yayılan xəbərlər cəmiyyətdə müəyyən anlaşılmazlıqlara səbəb olub. Bir çox insan bu yardımın konkret olaraq kimlərə aid edildiyini, rəsmi iş yeri olmayan hər kəsin bundan faydalanıb-faydalana bilməyəcəyini və müraciət prosedurunu aydınlaşdırmağa çalışır.

Sosial şəbəkələrdə də bu mövzu geniş müzakirə olunur və bəzi istifadəçilər yardımın verilmə meyarlarının tam aydın olmadığını qeyd edirlər. Yaranmış vəziyyət ünvanlı sosial yardımın hansı şərtlərlə təyin edildiyi və işsiz statusunun bu prosesdə necə rol oynadığı ilə bağlı sualları yenidən aktuallaşdırıb.

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında sosioloq Elçin Bayramlı bildirib ki, Azərbaycanda sosial yardım və sosial müavinət sistemləri bir-birindən fərqlidir.

Onun sözlərinə görə, ünvanlı sosial yardım ayrı bir mexanizmdir və özünəməxsus şərtləri və kriteriyaları mövcuddur. İşsiz şəxslər üçün isə fərqli qaydalar tətbiq edilir. Bu şəxslər məşğulluq mərkəzlərinə müraciət edərək qeydiyyata düşür və işsizlik müavinəti ala bilirlər: “İşdən çıxarılan şəxslər isə həm işlədikləri müəssisədən kompensasiya alır (adətən 2-3 aylıq əməkhaqqı həcmində), həm də dövlət tərəfindən işsizlikdən sığorta ödənişi əldə edirlər. Bu məbləğ, adətən, minimum əməkhaqqı alanlar üçün təxminən 400 manat civarında olur. Çünki işçilərin maaşından icbari sığorta haqqı tutulur və işsiz qaldıqda həmin fond hesabına kompensasiya verilir.

İşsizlikdən sığorta ilə bağlı müəyyən şərtlər də var. Məsələn, son 24 ay ərzində rəsmi şəkildə işləmək tələbi mövcuddur. Bu sistem rəsmi gəliri olmayan şəxslərə şamil edilmir. Yəni yalnız bank vasitəsilə maaş alan və adına sosial sığorta ödənişi edilən şəxslər bu hüquqdan yararlana bilirlər. Qeyri-rəsmi işləyənlər isə yalnız ünvanlı sosial yardım və ya işsizlik müavinəti üçün müraciət edə bilərlər”.

Elçin Bayramlı qeyd edir ki, işdən çıxarılan və ya ixtisara düşən şəxslər DOST mərkəzlərinə müraciət edərək qeydiyyata alınır və ilkin olaraq 6 ay müddətinə ödəniş ala bilirlər: “Bu müddət müəyyən hallarda 9-10 aya qədər uzadıla bilər. Minimum ödəniş təxminən 400 manatdır və ailədə uşaqların sayına görə əlavə (hər uşaq üçün təxminən 20 manat) nəzərə alınır. Bundan əlavə, DOST mərkəzləri vətəndaşlara iş tapmaqda da kömək edir, vakansiyalar barədə məlumatlandırır və müxtəlif hüquqi və sosial xidmətlər göstərir”.

Sosioloq vurğulayıb ki, ünvanlı sosial yardım yoxsulluğun azaldılmasına yönəlmiş mexanizmdir: “Burada yaşayış minimumu əsas götürülür və bu rəqəm orta hesabla adambaşına təxminən 300 manat təşkil edir. Ailənin ümumi gəliri hesablanır və əgər bu məbləğ müəyyən edilmiş həddən aşağıdırsa, çatışmayan hissəsi dövlət tərəfindən ödənilir. Məsələn, 4 nəfərlik ailə üçün minimum 1200 manat tələb olunursa və ailənin gəliri 600 manatdırsa, dövlət əlavə 600 manat yardım təyin edir.

Lakin bu yardımı almaq üçün müəyyən məhdudiyyətlər mövcuddur. Məsələn, şəxsin adına ucuz avtomobil, torpaq sahəsi və ya digər əmlak olduqda yardımın verilməsindən imtina edilə bilər. Hətta etibarnamə ilə istifadə olunan avtomobil belə bu prosesə təsir göstərə bilir. Bu halda da şəxsə ünvanlı sosial yardımdam imtina cavabı gəlir. Hesab edirəm ki, bu yanaşma doğru deyil və bu məsələlərə yenidən baxılmalıdır”.

Oğuz Ayvaz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
azpolitika.info

1Mənbələr