AZ

AEBA İranın nüvə obyektinə zərbələrlə bağlı dərin narahatlıq ifadə edib

Bakı, 6 aprel, AZƏRTAC

İranın Buşehr atom elektrik stansiyası yaxınlığında daha bir mərmi zərbəsi ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) rəhbəri Rafael Qrossi dərin narahatlığını ifadə edib.

AZƏRTAC agentliyin məlumatına istinadla xəbər verir ki, İran rəsmiləri AEBA-ya son həftələrdə dördüncü belə zərbə barədə məlumat veriblər. Tehran, həmçinin ərazinin fiziki mühafizə işçilərindən birinin mərmi qəlpəsi tərəfindən öldürüldüyünü, ərazidəki binanın şok dalğaları və qəlpələrdən təsirləndiyini bildirib.

Qrossi ərazidəki köməkçi binalarda həyati əhəmiyyətli təhlükəsizlik avadanlıqlarının ola biləcəyini qeyd edərək vurğulayıb ki, atom elektrik stansiyasına və ya yaxınlıqdakı ərazilərə hücumlar qəbuledilməzdir. Son hadisədən sonra radiasiya səviyyəsində artım qeydə alınmayıb.

Nüvə qəzası riskinin qarşısını almaqdan ötrü maksimum hərbi təmkin tələbini təkrarlayan Qrossi əlavə edib ki, münaqişə zamanı nüvə təhlükəsizliyini təmin etmək üçün AEBA-nın yeddi əsas qaydasına riayət etmək vacibdir.

Aprelin əvvəlində agentliyin Avstriyanın Vyana şəhərindəki qərargahında AEBA İdarə Heyətinə etdiyi müraciətdə Qrossi İranın və regionda hərbi hücumlara məruz qalan bir çox digər ölkənin fəaliyyətdə olan atom elektrik stansiyaları və nüvə tədqiqat reaktorlarının vurulması riskini vurğulayıb.

Yeddi əsas qayda obyektlər müharibə zonasında olduqda nüvə təhlükəsizliyinin və mühafizəsinin qorunması kimi vacib problemi həll etmək üzrə AEBA-nın Baş direktoru tərəfindən 2022-ci ilin mart ayında təqdim edilib. Bu qaydalara görə, reaktorlar, yanacaq hovuzları və ya radioaktiv tullantı anbarlarının fiziki bütövlüyü qorunmalı, bütün təhlükəsizlik və mühafizə sistemləri, habelə avadanlıqlar daim tam işlək vəziyyətdə olmalı, işçi heyət təhlükəsizlik və mühafizə vəzifələrini yerinə yetirə bilməli, bütün nüvə obyektləri üçün şəbəkədən kənarda təhlükəsiz enerji təchizatı təmin edilməlidir. Bununla yanaşı, ərazilərə və ərazilərdən fasiləsiz logistika təchizat zəncirləri və nəqliyyat, həmçinin yerində və kənar radiasiya monitorinq sistemləri işləməli, fövqəladə hallara hazırlıq və cavab tədbirləri görülməli, tənzimləyici etibarlı əlaqə təmin edilməlidir.

 

Seçilən
4
2
azertag.az

10Mənbələr