AZ

İqlim dəyişmələri ekosistemin tarazlığını pozur: növlər miqrasiyaya məcbur olur

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 6 aprel, AZƏRTAC

Son illərdə müşahidə olunan iqlim dəyişmələri yalnız temperaturun artması ilə məhdudlaşmır. Yağıntı rejiminin dəyişməsi, sellərin çoxalması, quraqlıq ərazilərin genişlənməsi və qar örtüyünün azalması ekosistemlərin strukturuna birbaşa təsir göstərir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutunun Quru onurğalıları laboratoriyasının elmi işçisi Elşad Əsgərov deyib. Onun sözlərinə görə, bəzi ekosistemlər var ki, onlar bu dəyişikliklərə fərqli reaksiya verir: “Yarımsəhra zonalarında yaşayan heyvanlar quraqlığın artması və səhralaşma səbəbindən şimal bölgələrə və ya dağlıq ərazilərə miqrasiya etməyə məcburdur. Dağların aşağısında yaşayan heyvanlar isə temperatur artdıqca yavaş-yavaş dağların zirvəsinə doğru çəkilməlidir. Ən çox əziyyət çəkənlər qütb və dağ zirvəsində yaşayan növlərdir. Məsələn, ağ ayılar üçün buzların əriməsi onların əsas yaşayış mühitini məhv edir; ya yeni şəraitə uyğunlaşmalı, ya da məhv olmalıdır”.

Elşad Əsgərov qeyd edir ki, meşə ekosistemlərində də ciddi dəyişikliklər gözlənilir. “Azərbaycanda daha çox quraq meşələr qalacaq. Rütubətli meşələr tədricən geri çəkiləcək, onların yerini quraqlığa davamlı növlər tutacaq. Bu, meşələrin sərhədlərini və tərkibindəki fauna növlərini dəyişəcək. Hər bir meşə tipinə xas həşərat, quş və məməli faunası yaşayış mühiti dəyişdikcə ya köç etməli, ya məhv olmalı, ya da uzunmüddətli adaptasiya keçməlidir”.

Su ekosistemlərində də temperatur artımı canlıların yaşayışına təsir göstərir. “Suda temperatur bir dərəcə artsa, həll olunmuş oksigen azalır. Bu da balıq və digər su canlılarının həyatını çətinləşdirir. Məsələn, “Qırmızı kitab”da qeyd olunan qızıl xallı balıqlar sərin sularda yaşayır, su isindikcə onlar daha sərin mühitə çəkilməlidir, əks halda məhv olacaq”, – deyə Elşad Əsgərov bildirib.

Ekspert, həmçinin iqlim dəyişmələrinin yeni parazit və ziyanverici həşəratların yayılmasına gətirib çıxardığını qeyd edib: “İndiyə kimi Azərbaycanda rast gəlinməyən parazit və ziyanverici həşəratlar digər bölgələrdən bizim meşələrə doğru gəlir və ekosistemə ziyan vurur. Təbiət özünü balansda saxlaya bilir, amma bu balans pozulduqda yeni ekoloji tarazlıq formalaşacaq. Lakin bu, insanların və canlıların alışdığı mühitdən fərqli olacaq və adaptasiya uzunmüddətli proses tələb edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
azertag.az

2Mənbələr