AZ

Ağızdan gələn qoxu nəyə səbəb ola bilər? - ARAŞDIRMA

Massaçusets Texnologiya İnstitutunun (MIT) mühəndisləri insanın nəfəsindən pnevmoniya və digər ağciyər xəstəliklərini aşkar edə bilən portativ sensorun prototipini hazırlayıblar.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Nano Letters" jurnalında dərc olunub.

"PlasmoSniff" adlı cihaz nəfəsdə mövcud olan biomarkerləri analiz edir. Testdən əvvəl pasiyent xüsusi nanohissəcikləri udur. Bu hissəciklər ağciyərlərə daxil olduqda, iltihabi proseslər və digər patologiyalar üçün xarakterik olan proteaz zülalları ilə qarşılıqlı təsirə girir. Nəticədə nanohissəciklərə xəstəliyin kimyəvi izləri biomarkerlər bağlanır.

Nəfəs verildikdə bu molekullar havaya qarışır və sensor tərəfindən tutulur. Mexanika mühəndisi Aditya Gargın sözlərinə görə, bu texnologiya bir neçə dəqiqə ərzində və birbaşa tibbi yardım yerində belə siqnalları aşkar etməyə imkan verir.

Əsas çətinlik biomarkerlərin çox az miqdarda ayrılmasıdır. Onları aşkar etmək üçün alimlər plazmonikadan — metal səthlərdə işıq siqnallarının gücləndirilməsi metodundan istifadə ediblər. Sensorda qızıl nanohissəciklər və nazik qızıl təbəqə tətbiq olunur ki, bu da molekulların vibrasiyasını gücləndirir. Bu vibrasiyalar kimyəvi maddələri dəqiq müəyyən etməyə imkan verən Raman spektroskopiyası vasitəsilə qeydə alınır.

Hazırda cihaz prototip mərhələsindədir. O, yalnız siçanlar üzərində sınaqdan keçirilib və bir konkret biomarkeri aşkarlamaq üçün tənzimlənib. İnsanlarda istifadəsi üçün əlavə təcrübələr aparılmalı və pasiyentin bir neçə dəqiqə ərzində nəfəs verə biləcəyi xüsusi maska əlavəsi hazırlanmalıdır.

Tədqiqatçılar gələcəkdə prosedurun sadə olacağını düşünürlər: pasiyent inhalyator vasitəsilə nanohissəcikləri qəbul edəcək, təxminən on dəqiqə sonra isə sensor nəfəsini analiz edərək xəstəlik əlamətlərinin olub-olmadığını göstərəcək.

Müəlliflərin fikrincə, bu texnologiya rentgen və ya laborator analizlər olmadan ağciyər xəstəliklərini tez aşkarlamağa imkan verən üsula çevrilə bilər. Tibbdən əlavə, belə sensorlar havadakı çirkləndirici maddələrin və sənaye kimyəvi birləşmələrinin aşkar edilməsində də istifadə oluna bilər.

NURİYYƏ

Seçilən
55
1
redaktor.az

2Mənbələr