AZ

İsveçrə Buteflikanın 110 milyonunu Əlcəzairə qaytarır

Əlcəzair hökuməti keçmiş prezident Əbdüləziz Buteflika dövründə xaricə qaçırılan və İsveçrədə dondurulan 110 milyon dollardan çox vəsaiti geri alacağını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Əlcəzair Prezidentliyindən edilən açıqlamada, xarici işlər naziri Əhməd Attafın Nazirlər Kabinetində qaçırılan pulların geri alınması ilə bağlı dosya barədə təqdimat etdiyi bildirilib.

Açıqlamada Attafın İsveçrəyə 33 hüquqi yardım sorğusu göndərdiyi, bunlardan 20-nin qəbul edildiyi, dondurulan və qaçırılan pullarla bağlı 4 dosyanın isə hazırda tam yekunlaşdırıldığı qeyd olunub.

Bu proseslər çərçivəsində Əlcəzairin dondurulan 110 milyon dollardan çox vəsaiti təhvil alacağı qeyd edilsə də, təhvil tarixi barədə məlumat verilməyib.

Prezident Əbdülməcid Tebbun, mənimsənilən vəsaitlərin geri alınmasındakı əməkdaşlıqlarına görə İsveçrə və İspaniyaya təşəkkür edib.

Digər tərəfdən, eyni çərçivədə Fransaya 61 hüquqi yardım sorğusu göndərildiyi, lakin bu ölkəyə edilən müraciətlərdən hələlik cavab alınmadığı ifadə edilib.

Tebbun 2025-ci ilin oktyabrında etdiyi açıqlamada, talan edilən pul və əmlaklardan əldə edilən 30 milyar dolların geri alındığını bəyan etmişdi.

Əlcəzair qaçırılan pulların bank hesablarına yatırıldığı və ya daşınmaz əmlaka çevrildiyi xarici ölkələrə hüquqi müraciətlərini davam etdirərkən, İsveçrə İspaniyadan sonra Əlcəzairə talan edilmiş vəsaitləri təhvil verən aparıcı ölkələr arasında göstərilir.

Madrid rəhbərliyi daha əvvəl də korrupsiya davalarında məhkum edilən əlcəzairli bir iş adamına məxsus Barselonadakı lüks bir oteli Əlcəzairə təhvil vermişdi.Buteflika dövründə xaricə qaçırılan pulların ümumi məbləği ilə bağlı isə rəsmi bir rəqəm yoxdur.

Xatırladaq ki, Əlcəzairdə "ən uzun müddət hakimiyyətdə qalan prezident" və "ölkədəki kütləvi etiraz hərəkatları nəticəsində vəzifədən gedən ilk şəxs" olaraq bilinən keçmiş prezident Buteflika 17 sentyabr 2021-ci ildə 84 yaşında vəfat etmişdi.

Seçilən
22
cebheinfo.az

1Mənbələr