AZ

Trampın İrana verdiyi MÖHLƏT bitir - Bundan sonra…

ABŞ prezidenti Donald Tramp İranla bağlı ard-arda sərt xəbərdarlıq edib. O, ilk paylaşımında Tehrana ya razılaşma əldə etmək, ya da Hörmüz boğazını açmaq üçün 10 günlük möhlət verdiyini xatırladaraq bildirib ki, vaxt tükənir və cəmi 48 saat qalıb. 

“İrana razılaşma əldə etmək və ya Hörmüz boğazını açmaq üçün 10 gün vaxt verdiyimi xatırlayırsınız? Vaxt bitir. Cəhənnəmin onların üstünə gələcəyinə 48 saat qalıb” - Tramp yazıb.

Sərt ritorikasını saxlayan Ağ Ev başçısı ertəsi gün bəyan edib ki, əgər İran tez bir zamanda razılaşma əldə etməsə, hər şeyi məhv edib nefti ələ keçirməyi düşünür. “Düşünürəm ki, bazar ertəsi razılaşma əldə edə bilərəm”, - Tramp bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı zamanı İran ətrafındakı vəziyyətin geostrateji çıxılmaz vəziyyətə düşdüyünü bildirib. Onun sözlərinə görə, İrana müdaxilə ilə başlayan gərginlik beynəlxalq həll tələb edən çıxılmaz vəziyyətə gətirib çıxarıb. Ərdoğan, həmçinin, vurğulayıb ki, beynəlxalq ictimaiyyət Yaxın Şərqdəki münaqişəyə tez bir zamanda son qoymaq üçün səylərini artırmalıdır.

Bu arada İsrailin yüksək vəzifəli rəsmisi “Röyters”ə bildirib ki, İsrail İranın enerji obyektlərinə hücum etməyə hazırlaşır, lakin ABŞ-dan “yaşıl işıq” gözləyir. Rəsmi qeyd edib ki, hücumlar bu həftə reallaşa bilər.

Bəs 48 saatın tamamında nə olacaq?

Siyasi şərhçi Aydın Quliyev Musavat-com-a bildirib ki, Trampın 48 saat keçdikdən sonra nə edəcəyini, başında nəyin olduğunu özündən başqa heç kim dəqiq söyləyə bilməz:

“Tramp İranla bağlı konkret nə edəcəyini konkret qərarlaşdırmadığı üçün günü-günə satmaqla məşğul olur. İndiyə qədər də bu taktikaya bir neçə dəfə əl atıb. Trampın nə edəcəyi ilə bağlı versiyalar səviyyəsində danışmaq mümkündür. Birinci növbədə o, yəqin ki, İrana qarşı aparılan əməliyyatların intensivliyini artırmağa çalışacaq. İrana vurduğu zərbələrin miqyasını genişləndirə bilər. Ən müasir raketləri və təyyarələri işə salması mümkündür. Təbii ki, İran da bunlara qarşılıq verəcək və İran artıq ABŞ-nin bazalarının olduğu körfəz ölkələrini və İsraili ağır zərbələrə məruz qoymaqdadır”.

Aydın

Onun sözlərinə görə, ikinci versiya budur ki, Hörmüz boğazı açılmadan da İrana qarşı hərbi əməliyyatları dayandırmaq mümkündür:

“Bu, o qədər də real versiya kimi görünməsə də Trampın özü Hörmüz boğazı açılmadan da İranla razılıq əldə edə biləcəyini söyləyibsə, versiyanın ciddiliyi artır. Üçüncü variant İrana qarşı quru əməliyyatların başlanması ola bilər. Amma bu da çox riskli qərar olar. Quru əməliyyatları ABŞ üçün faciələr yaşada bilər”.

Siyasi şərhçi hesab edir ki, dördüncü variant İrana taktiki kiçik nüvə zərbələrinin endirilməsi ola bilər:

“Bu, ən sonuncu variantdır. Amma Tramp tərəfindən bu qərarın veriləcəyini istisna etmirəm”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
3
musavat.com

1Mənbələr