Azərbaycanda kənd təsərrüfatında rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi mövzusu geniş müzakirə olunub.
"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr "Aqrar Məşvərət Şurası" İctimai Birliyinin növbəti iclasında baş tutub.
Tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbər şəxsləri, Aqrar Məşvərət Şurasının üzvləri, eləcə də aqrar sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.
İclasda kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sahədə rəqəmsal transformasiyanın əhəmiyyətinə toxunub. Nazir qeyd edib ki, müasir texnologiyaların, xüsusilə süni intellekt həllərinin tətbiqi kənd təsərrüfatında məhsuldarlığın artırılması, resurslardan səmərəli istifadə və dayanıqlı inkişafın təmin olunması baxımından mühüm rol oynayır.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev rəqəmsal infrastrukturun gücləndirilməsi, məlumatların inteqrasiyası və innovativ texnologiyaların geniş tətbiqinin aqrar sahədə effektiv idarəetmənin əsasını təşkil etdiyini vurğulayıb. Nazir bildirib ki, həyata keçirilən rəqəmsal transformasiya təşəbbüsləri süni intellekt və böyük həcmli məlumatların analizi imkanlarını genişləndirir və bu yanaşma kənd təsərrüfatında məhsuldarlığın artırılmasına, risklərin daha dəqiq idarə olunmasına şərait yaradır.
Aqrar Məşvərət Şurasının sədri Niyazi Əmirbəyov çıxışında aqrar sahədə innovativ yanaşmaların tətbiqi, məlumatlara əsaslanan qərarvermə mexanizmlərinin inkişafı və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin kənd təsərrüfatı sahəsinin rəqabət qabiliyyətinin artırılmasına xidmət etdiyini bildirib.
İclas çərçivəsində "Rəqəmsal inkişafın sürətləndirilməsi" mövzusunda təqdimatla çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədrinin müavini Şahin Əliyev aqrar sahədə rəqəmsal transformasiyanın genişləndirilməsi üçün mövcud imkanlar, tətbiq olunan texnoloji həllər və gələcək inkişaf istiqamətləri barədə məlumat verib. Təqdimatda məlumatların vahid platformada toplanması, süni intellekt əsaslı alətlərin biznes proseslərinə inteqrasiyası və fermerlər üçün əlçatan rəqəmsal xidmətlərin inkişaf etdirilməsi xüsusi vurğulanıb. Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin müdiri Aynur Qurbanlı aqrar sahədə rəqəmsal transformasiyanın əsas prioritetlərini açıqlayıb. O, məlumat əsaslı idarəetmə sistemlərinin inkişafı, rəqəmsal platformaların tətbiqi, süni intellekt və innovativ texnologiyaların istehsal proseslərinə inteqrasiyası, eləcə də fermerlər üçün rəqəmsal xidmətlərin genişləndirilməsinin əhəmiyyətinə toxunub.
Daha sonra "Aqrar süni intellekt" layihəsinin rəhbəri Surxay Novruzov layihə barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, layihə çərçivəsində bitki sağlamlığının monitorinqi, suvarmanın idarə olunması, məhsuldarlığın proqnozlaşdırılması, torpaq və bitki xəritələrinin hazırlanması daxil olmaqla 30-dan çox süni intellekt alətinin tətbiqi nəzərdə tutulur. Bildirilib ki, müasir texnologiyalar vasitəsilə toplanan məlumatların təhlili fermerlərə operativ, dəqiq qərar qəbul etməyə, xəstəlik və zərərvericilərin erkən aşkarlanmasına, həmçinin su və digər resurslardan daha səmərəli istifadəyə imkan yaradır.
İclas çərçivəsində aparılan müzakirələr zamanı aqrar sahədə rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi, fermerlərin müasir texnologiyalara çıxış imkanlarının artırılması, innovativ startapların təşviqi və yerli texnologiya istehsalının inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.
Tədbirdə kənd təsərrüfatında rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi istiqamətində əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb və gələcək fəaliyyət istiqamətləri müəyyən edilib.