Bakıda yağan aramsız yağışlar avtomobil sahiblərinin təmir sexləri və servislər qarşısında uzun növbələrini yaradıb.
KONKRET.az xəbər verir ki, maşın ustası Əziz Əzizovun sözlərinə görə, yollara yığılan su ilk növbədə sükan sütunu sisteminə ciddi xəsarət yetirir:
“Ən çox zərər görən hissə sükan sütunudur, – deyə o, “Yeni Sabah”a izah edib. – O, sükanı maşının idarəetmə mexanizminə bağlayır. Xüsusilə maşının alt hissəsində yerləşən qollar və digər hissələr suyun təsirindən sıradan çıxa bilər. Eyni zamanda, elektron sistemlər də bu cür hallarda ciddi zərər görür”.
Ə.Əzizov bildirib ki, əgər su hava filtri vasitəsilə motora keçərsə, hidrozərbə baş verə bilər. Yəni mühərrikdə klapan, başlıq və blok kimi əsas hissələri zədələnər, hətta mühərrikin tam sıradan çıxması mümkündür.
“Maşının alt hissəsinin su ilə təmasından sonra başqa problemlər də ortaya çıxa bilər. Məsələn, elektron qoşqular, işlək mexanizmlər və digər sistemlər suyun təsirindən korroziyaya uğrayır”.
Ustanın sözlərinə görə, su basmış yollarda ən həssas nəqliyyat vasitələrindən biri də elektromobillərdir:
“Elektromobillərdə isə risk daha böyükdür. Çünki əksər elektromobillərdə batareyalar alt hissədə yerləşir. Su batareyanın qoruyucu qatının aralarından içəri keçərsə, daxildəki platalarda oksidləşmə başlayır. Xüsusilə, bəzi Çin istehsalı olan elektromobillərdə bu cür hallara daha çox rast gəlinir”.
Ə.Əzizov avtomobil sahiblərinin üzləşdiyi təmir xərcini də qeyd edib:
“Belə problemlərin aradan qaldırılması xərci maşının marka və modelindən asılı olaraq dəyişir. Məsələn, sükan sütunu sistemi ilə bağlı təmir xərci minimum 500 manatdan başlayır, amma bəzi avtomobillərdə bu hissənin qiyməti 400 manat, bəzilərində isə hətta 3000-5000 manat aralığında olur.
Su yığınında ilişib qalan maşın vaxtında ustaya aparılmasa, xərclər daha da arta bilər. Məsələn, elektromobildə batareyaya su daxil olub, əgər o vaxtında sökülərək qurudulmasa, oksidləşmə güclənir və nəticədə bütün plata sıradan çıxır. Bu halda problem daha da böyüyür və iş hətta batareyanın tam dəyişdirilməsinə qədər gedib çıxa bilər”.
Usta bildirib ki, belə havada alçaq şassili maşınlarla su basmış yollara girmək təhlükəlidir:
“Yağışlı və ya su basmış yollarda daha hündür şassili maşınlardan istifadə etmək daha məqsədəuyğundur. Sedan tipli avtomobillərlə belə yollara girmək risklidir. Elektromobillərlə isə ümumiyyətlə belə havada yola çıxmamaq daha məsləhətlidir.
Ümumən belə hava şəraitində üstünlük daha çox benzin mühərrikli və hündür şassili avtomobillərə verilməlidir. Çünki suyun yaratdığı risk bu tip maşınlarda nisbətən daha az olur”.