Azərbaycan, Gürcüstan və Ermənistanı bir araya gətirən regional qurumun, real fəaliyyət göstərən regional mexanizmin yaradılması təklif edilib.
APA-nın Gürcüstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu təkliflə gürcü siyasi analitik, akademik Badri Naçkebia çıxış edib.
Badri Naçkebia jurnalistlərə açıqlamasında deyib ki, dünyada baş verən son hadisələrin fonunda Cənubi Qafqazın təhlükəsizlik məsələsi olduqca аktual xarakter alıb, birinci plandadır.
“Gürcüstan olaraq bizi sevindirən məqam odur ki, qonşularımız Ermənistan və Azərbaycanla, xüsusilə də Azərbaycanla strateji tərəfdaşıq. Eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələyə qədəm qoyaraq normallaşması müşahidə olunur. Bu proses bütün Cənubi Qafqaz ölkələri arasında həm iqtisadi, həm də siyasi münasibətlərə müsbət təkan verə bilər.
İlk növbədə hər üç dövlətin bütün enerji layihələrinə qoşulması məqsədəuyğun olardı. Azərbaycan və Gürcüstan arasında enerji sahəsində əməkdaşlıq və son hadisələr bu məsələnin əhəmiyyətini daha da artırır. Çünki region Avropa ilə Asiya arasında körpü rolunu daha da möhkəmləndirir və dövlətlərimizin strateji əhəmiyyəti artır. Əgər bu prosesə Ermənistan da qoşularsa, mən bunda heç bir mənfi məqam görmürəm. Əsas odur ki, gələcəkdə münasibətləri daha da inkişaf etdirərək bütün Cənubi Qafqazı əhatə edən, bu proseslərə dəstək verən bir qurumun yaradılması mümkün olsun. Belə bir qurumun yaradılması böyük əhəmiyyət daşıyacaq. Çünki dövlət başçıları səviyyəsində keçirilən görüşlərlə yanaşı, real fəaliyyət göstərən regional mexanizmin, heç olmasa iqtisadi sahədə işə düşməsi həm ayrı-ayrı ölkələr, həm də bütövlükdə region üçün faydalı olar”, - o qeyd edib.