ABŞ Prezidenti Donald Tramp bildirib ki, 2026-cı ilin əvvəllərində İranda keçirilən etirazlar zamanı etirazçılara silah göndərib.
Politoloq Elçin Xalidbəyi Redaktor.az-a açıqamasında bildirdi ki, Tramp adətən olduqca ziddiyyətli açıqlamalar verir və bu ziddiyyətli açıqlamalar Trampın faktiki olaraq ABŞ kimi nəhəng bir dövləti onilliklər boyu mövcud olmuş sistem üzrə idarə etmədiyini göstərir:
"Təbii ki, bu bəyanat da Trampın ziddiyyətli açıqlamalarından biridir. ABŞ İrandakı etirazçılara yalnız vədlər göndərdi, real dəstək isə qətiyyən vermədi. Hər kəsə bəllidir ki, ABŞ etirazçılara heç bir silah-sursat və yaxud da hər hansı bir dəstək göstərməyib. Əksinə, "tezliklə gəlirik, yoldayıq" bəyanatları verən Tramp İrandakı etirazçıları taleyin ümidinə buraxdı, onları aldatdı və nəticədə İrandakı siyasi rejim etirazları ən zorakı yollarla boğdu. O ki qaldı silahların kürdlərə verilməsi, bu da Trampın ziddiyyətli açıqlamaları sırasına daxildir".

Müsahibimiz vurğuladı ki, İrandakı etiraz aksiyaları zamanı kürdlər etirazçıların sırasına daxil deyildilər, yəni kürdlər etirazçılar hesab oluna bilməz:
"Bu da o deməkdir ki, əslində hər şey ABŞ tərəfindən belə planlaşdırılmışdı ki, etirazçılar adı altında uydurma bir bəhanə ilə kürdlərə silah göndərilsin və sonra da ABŞ-nin uyğun bildiyi bir vaxtda Amerika silahları ilə silahlanmış kürdlər İran ərazisinə hərbi müdaxilə etsinlər. Yəni bunlar onu göstərir ki, Amerika çox qəliz bir oyun oynayır, kürdlərdən bir vasitə kimi istifadə etmək niyyəti güdür. Ancaq müəyyən kənar müdaxilələr kürdləri ABŞ-nin təlimatı ilə savaşa qatılmaq niyyətindən hələlik yayındırmış kimi görünür. Belə anlaşılır ki, ABŞ-nin İrana qarşı kürd faktorundan istifadə etmək planı indiki mərhələdə hələlik üçüncü bir tərəf vasitəsilə pozulub".
Aytəkin TOFİQQIZI