AZ

Süni intellekt əmək bazarını dəyişir, amma insanı əvəz etmir sosioloq

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 6 aprel, AZƏRTAC

Süni intellektin inkişafı bəzi sahələrdə insan faktorunun rolunu azaltsa da, onu tam əvəz etmək mümkün deyil. Süni intellekt həyatımıza daxil olmamışdan əvvəl də texnologiyalar vasitəsilə bir çox işlər avtomatlaşdırılırdı. Xüsusilə xidmət və iaşə sektorunda sahibkarlar xərcləri azaltmaq məqsədilə robotlardan istifadə edirdilər. Dünyada robotların idarə etdiyi hotel və restoranların mövcudluğu bunun bariz nümunəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.

Sosioloq qeyd edib ki, süni intellekt bu prosesin davamı kimi çıxış edir və artıq bir sıra sahələrdə insan əməyinə olan tələbatı azaldır. Bu isə sahibkarların əməkhaqqı və digər sosial xərclərdən qənaət etməsinə imkan yaradır. Bununla belə, Lalə Mehralı vurğulayıb ki, bütün hallarda insan zəkasına ehtiyac qalır: “Elə situasiyalar var ki, süni intellekt və ya robotlar həmin məsələlərin öhdəsindən gələ bilmir. Bu texnologiyalar insan zəkasının məhsuludur və onu tam üstələyə bilməz. Xüsusilə təhsil sahəsində müəyyən dəyişikliklər qaçılmazdır. Süni intellektəsaslı proqramlar və robot müəllimlər bəzi funksiyaları yerinə yetirsə də, müəllim faktorunu tam aradan qaldırmaq real görünmür”, - deyə sosioloq bildirib.

Ekspert əlavə edib ki, artıq uzun illərdir robotlar müəyyən əməliyyatları yerinə yetirir, lakin onların fəaliyyəti yenə də insan tərəfindən idarə olunur və nəzarətdə saxlanılır.

L.Mehralı hesab edir ki, əmək bazarında insan faktorunun qismən sıxışdırılması prosesi artıq başlayıb və bu tendensiya davam edəcək. Bununla yanaşı, o, insanın analitik düşüncə, təhlil və qərarvermə qabiliyyətlərinin hələ də üstün mövqedə qaldığını vurğulayıb.

“Bəzi sahələrdə insan faktorunun geri plana keçməsi mümkündür. Lakin ümumilikdə insanın əmək bazarından tam sıxışdırılması real deyil”, – deyə sosioloq qeyd edib.

Müxbir – Pərvanə Qafarova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
2
azertag.az

3Mənbələr