AZ

Tehranın mozaika tələsi: müharibə bataqlığı dünya iqtisadiyyatını udur

Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ–İsrail–İran müharibəsinin 40-cı günü: Tehranın “mozaika müdafiəsi” və regionu qlobal böhrana aparan bataqlıq

ABŞ–İsrail–İran müharibəsi artıq 40 günə yaxınlaşır və proses göstərir ki, bu qarşıdurma qısa hərbi kampaniya ssenarisindən çıxaraq uzunmüddətli kampaniya xarakterini alıb. İlk mərhələdə Vaşinqton və Təl-Əvivin hesabladığı “sürətli strateji çökdürmə” modeli baş tutmadı. Tehran siyasi mərkəzin, komandanlıq zəncirinin və raket infrastrukturlarının hədəfə alınmasına baxmayaraq döyüş qabiliyyətini qoruyub saxladı. Müharibənin xərclərinin artıq 42 milyard dolları keçməsi, Hörmüzdən tanker keçidinin kəskin azalması və müvəqqəti atəşkəs təkliflərinin rədd edilməsi bunun uzunmüddətli qarşıdurmaya çevrildiyini təsdiqləyir. 

Hazırkı mənzərə göstərir ki, aktiv döyüş fazasının yaxın vaxtlarda bitəcəyini proqnozlaşdırmaq çətindir. Atəşkəs barədə bəyanatlar səslənsə də, ortada real danışıqlar platforması və qarşılıqlı etimad mexanizmi yoxdur. Daha təhlükəlisi isə odur ki, Tehran bu mərhələdə müharibənin tez bitməsində maraqlı görünmür. Əksinə, prosesin uzanması İranın hərbi-siyasi hesablamasına daha uyğun görünür.

Tehranın əsas xətti: düşməni bataqlığa salmaq

İranın hazırkı davranış modeli göstərir ki, əsas məqsəd ABŞ və İsraili sürətli qələbədən məhrum edib onları uzunmüddətli tükəndirmə savaşına çəkməkdir.

Tehranın “mozaika müdafiəsi” adlandırdığı modelin mahiyyəti budur: mərkəzi qərargah vurulsa belə sistem çökmür;  regional komandanlıqlar yarı-muxtar işləyir;  raket, PUA və yeraltı bazalar paylanmış şəkildə qorunur; müharibənin tempi mərkəzdən deyil, sahədəki çoxsaylı qovşaqlardan idarə olunur. 

Bu yanaşma klassik dövlət ordusundan daha çox paylanmış müqavimət şəbəkəsi modelinə bənzəyir. Məqsəd rəqibin üstün hava gücünü strateji nəticəyə çevirməsinə imkan verməməkdir.

Başqa sözlə, Tehran Vaşinqtonun İraq və Əfqanıstan təcrübəsindən çıxardığı nəticələri indi onun özünə qarşı istifadə edir.

“Baş kəsmə” strategiyasına qarşı mozaika modeli

ABŞ və İsrailin hərbi doktrinası ənənəvi olaraq mərkəzi komandanlıq, paytaxt və əsas lider fiqurlarını vurmaqla sistemi sürətlə çökdürməyə hesablanır.

Lakin İran bu ssenarini öncədən nəzərə alaraq:  31 ayrıca komandanlıq sistemi qurub, SEPAH, ordu, təhlükəsizlik və Bəsic şəbəkəsini inteqrasiya edib, yeraltı raket bazaları və mobil atəş platformaları yaradıb, komandanlığın bir hissəsini coğrafi əsasda dağıdıb.  Nəticədə liderlərin və qərargahların vurulması sistemin bütünlüklə iflici demək olmur.

Bu, müharibəni klassik hərbi qələbədən siyasi və iqtisadi dözümlülük savaşına çevirir.

Uzadılmış savaşın iqtisadi silahı

Tehran yaxşı anlayır ki, ABŞ və İsrail texnoloji baxımdan üstündür. Ona görə də İran birbaşa simmetrik qələbəyə deyil, xərc artırma strategiyasına üstünlük verir.

Bu modelin əsas məqsədləri: ABŞ müdafiə sistemlərini raket və PUA hücumları ilə yormaq;  İsrailin hava hücumlarının intensivliyini baha başa gətirmək; Körfəz enerji infrastrukturlarını risk altında saxlamaq; Hörmüz boğazı üzərindən qlobal enerji bazarına təzyiq göstərmək; müharibənin siyasi narazılığını ABŞ və İsrail cəmiyyətlərinə daşımaq.  Bu artıq yalnız hərbi münaqişə deyil, enerji, logistika və ictimai psixologiya müharibəsidir.

Mozaika müdafiəsinin zəif nöqtəsi: daxili sabitlik

Tehranın modeli hərbi baxımdan çevik görünsə də, onun ən həssas nöqtəsi cəmiyyət–dövlət birliyidir.

Uzun sürən savaş isə iqtisadi böhranı dərinləşdirir, sosial narazılığı artırır,  inflyasiya və resurs çatışmazlığı yaradır,  regional etnik və siyasi həssaslıqları hərəkətə keçirə bilər. Burada əsas risk ondan ibarətdir ki, hərbi mərkəzsizləşdirmə yalnız daxili siyasi sədaqət qorunduğu müddətdə işləyir. Əgər sosial-iqtisadi təzyiq kritik həddə çatsa, xarici bombardmandan daha çox daxili narazılıq sistemi sarsıda bilər. Bu isə İranın “mozaika” modelini gücləndirən əsas dayağı zəiflədə bilər. 

Qlobal təhlükə: proses artıq regional çərçivəni aşıb

Bu müharibənin uzanması artıq heç bir tərəfə real strateji dividend vəd etmir. Əksinə enerji bazarları şok yaşayır, neft və qaz marşrutları risk altındadır, qlobal logistika zəncirləri pozulur, sığorta və tanker daşımaları bahalaşır, böyük güclər arasında yeni geosiyasi bloklaşma dərinləşir.  Ən təhlükəli məqam isə budur ki, proses Yaxın Şərqdən çıxaraq qlobal təhlükəsizlik arxitekturasını silkələyən sistem böhranına çevrilir.

Bu savaş artıq sadəcə İran, İsrail və ABŞ arasında deyil. Bu, dünya iqtisadiyyatının enerji damarlarına, regional dövlətlərin təhlükəsizlik balansına və böyük güclərin rəqabət xəttinə birbaşa təsir edən planetar risk mərhələsinə daxil olur. Nəticə isə ondan ibarətdir ki,  uzanan savaşdan heç kim qazanmır.

Hazırkı mərhələdə Tehran “mozaika müdafiəsi” ilə müharibənin tempini qismən diktə edə bilir. Lakin proses uzandıqca bütün tərəflər üçün xərclər həndəsi silsilə ilə artır.

ABŞ və İsrail sürətli qələbə əldə edə bilmədikcə siyasi yük artır.

İran isə daxili sabitliyi qorumaqda çətinlik çəkdikcə hərbi dözümlülüyünün limiti görünməyə başlayacaq.

Ən sonda isə bu savaşın ən böyük məğlubu region dövlətləri, enerji bazarları və qlobal təhlükəsizlik sistemi ola bilər.

Prosesin uzanması artıq təkcə Yaxın Şərqi deyil, bütün dünyanı çıxılmaz təhlükəsizlik böhranına yaxınlaşdırır.Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
50
olke.az

10Mənbələr