AZ

Qusarda selin törətdiyi fəsadlar aradan qaldırılır

Qusar, 6 aprel, AZƏRTAC

Qusar rayonunda güclü yağış nəticəsində yaranan selin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, seldən zərər görən ərazilərə xüsusi texnika və canlı qüvvə cəlb edilərək fəsadların aradan qaldırılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi, risklərin minimuma endirilməsi və mümkün təhlükələrin qarşısının alınması məqsədilə zəruri qabaqlayıcı və mühafizə tədbirləri görülür.

Aprelin 6-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov Çiləgir, Kuzun, Cağar, Əniq, Hil və Yasab kəndlərində fəsadlarla yerində tanış olublar. Yasab kəndindən keçən yararsız vəziyyətə düşmüş avtomobil yolunun bərpası istiqamətində görüləcək tədbirlər müzakirə edilib.

Həmçinin Çiləgir kəndində sel sularının gətirdiyi lil kütlələrinin toplandığı küçəyə, Kuzun kəndində birinci mərtəbəsinə su dolmuş fərdi yaşayış evinə və kənd məktəbinin sinif otaqlarına, idman zalına, həmçinin kəndin əsas və daxili yollarına, Cağar kəndində sürüşmə ehtimalı olan əraziyə baxış keçirilib. Kuzun kəndinin yollarının bərpası istiqamətində aidiyyəti qurumlarla yerində müzakirələr aparılıb.

Hazırda kəndə gedən əsas yolun texnikalar vasitəsilə lil və çöküntülərdən təmizlənməsi və fasiləsiz hərəkətin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Müxbir – Elxan Yusifli

Seçilən
12
8
azertag.az

10Mənbələr