AZ

Ramil Süleymanov: Dövlət ya daşınmaz əmlak və avtomobillərə vurulmuş zərəri kompensasiya etməlidir, ya da problemi kökündən həll etməlidir

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bir neçə gündür ki, yağış şəhərimizi yuyub, aparır. Şəhərin müxtəlif yerlərində çoxsaylı subasma halları müşahidə edilir. Evlərə su dolur, vətəndaşlar evakuasiya edilirlər.

Bir video çıxdı qarşıma, vətəndaşı sudan çıxarmağa ADSEA əməkdaşları gəlir. Vətəndaş da etiraz edir ki, “niyə FHN gəlməyib”… Bu fövqaladə haldırmı ki, FHN gəlsin? Əsla. Çünki Bakının vəziyyəti göz önündədir. Bir məsəl var: “görünən kəndə bələdçi lazım deyil”. Bakı da görünən kənddir. Bu vəziyyətdə Bakının kanalizasiya sisteminin yenilənməsini həyata keçirməyən qurumlar məsuldur. Çünki Bakı böyüyür, əhali sayı artır. Bunu nəzərə almalı olan müvafiq qurumlar indiki Bakıya uyğun yeni kanalizasiya sistemi formalaşdırmalıdır. Köhnə sistem keçmiş Bakı üçün idi. Belə pis çıxmasın, bütün sistemin partlayıb, Bakının kanalizasiya suyu altında tamamilə qalmasını gözləyirsiniz? Kimdir burada məsul?

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yağış həddən artıq yağdığı zaman burada hər hansı səlahiyyət bölgüsü nəzərə alınmır: “Əlbəttə ki, cavabdeh qurumlar birinci növbədə fəaliyyət göstərir. Amma digər qurumlar maddi-texniki təminatı və insan qüvvəsi ilə orada iştirak etməlidirlər. Çünki büdcə vətəndaşların vergiləri və ödənişləri ilə formalaşır. Həmin şəxslər, o cümlədən dövlət qurumları, büdcədən əmək haqqı aldıqları üçün vətəndaşa xidmət etmək məcburiyyətindədirlər” .

Hüquqşünas qeyd edib ki, qanunsuz tikililərə görə birbaşa yerli icra hakimiyyəti qurumları məsuliyyət daşıyır: “O cümlədən, zaman-zaman monitorinq aparan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hər hansı qanunsuz tikili aşkarlayarsa, həmin tikilinin davam etməməsi üçün müvafiq qaydada söküntü qərarı verə bilərlər. Fövqəladə Hallar Nazirliyi yeganə nazirlikdir ki, öz daxili əmri ilə uyğun olmayan tikintini sökmək barədə qərar verə bilər. Qanunsuz tikinti aparılırsa, dövlət ya bunu tanımalı, ya da həmin kommunal xidmətləri təqdim etməyərək, vətəndaşın mülkiyyət hüququnu tanımamalıdır. Hazırkı vəziyyətdə dövlət faktiki olaraq tanıyır. Tanımağın əsası odur ki, kommunal xidmətlər vətəndaşın qanunsuz tikilisindən içəri daxil olur və bununla da vətəndaşla dövlət arasında ictimai müqavilə yaranır. Burada dövlət qurumları vətəndaşa dəymiş zərəri kompensasiya etməlidirlər. Çünki sənədi olmayan evlərdə ya yaşamanı təmin etməməlidirlər, ya da əgər təmin olunursa, vətəndaşların əmlakları icbari və ya könüllü qaydada sığortalanmalı, bu sığorta qaydaları qanunvericiliklə müəyyən olunmalıdır.”.

“Hüquqşünas hesab edir ki, vətəndaşlarla dövlət arasında ciddi narazılıq yarana bilər. Dövlət ya daşınmaz əmlak və avtomobillərə vurulmuş zərəri kompensasiya etməlidir, ya da problemi kökündən həll edərək gələcək xoşagəlməz halların qarşısını almalıdır,” – deyə hüquqşünas qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
61
bizimyol.info

1Mənbələr