Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb, hərəkət tam məhdudlaşdırılıb.
Xezerxeber.az-ın məlumatına görə, aidiyyəti qurumların yaydığı məlumatda qeyd edilir ki, aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb.
Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Yaranmış təhlükəli vəziyyətlə bağlı hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov də gəlib.
Nazir ərazidə yaranmış vəziyyətlə yerində tanış olub, Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev, Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Vüsal Nəsirli və digər müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə birgə fikir mübadiləsi aparılıb, atılacaq addımlar müzakirə olunub və aidiyyəti üzrə tapşırıqlar verilib.
Bu müddət ərzində isə sürücülərdən daha təhlükəsiz ərazilərdən keçmək tövsiyə edilir.
Sürüşmə ərazisində asfalt qatının qaşınması, yol yatağının yenidən bərkidilməsi və digər işlərə yaxın günlərdə start veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.