AZ

Yağışlı havada yollar təhlükə saçır

Güclü yağış şəraitində yollarda hərəkət əhəmiyyətli dərəcədə çətinləşib. Belə hallarda yol səthində suyun toplanması, görmə məsafəsinin azalması və sürüşkənliyin artması nəqliyyat axınının təhlükəsizliyini xeyli zəiflədir. Xüsusilə sıx hərəkətli şəhər ərazilərində bu vəziyyət tıxacların yaranmasına və yol-nəqliyyat hadisələrinin sayının artmasına səbəb olur.

Nəqliyyat eksperti Ərşad Hüseynov QHT.az-a açıqlamasında meteoroloji hadisələrin yol hərəkəti təhlükəsizliyinə, nəqliyyatın təhlükəsiz, fasiləsiz və rahat hərəkətinə mühüm təsir göstərən əsas amillərdən biri olduğunu bildirib. Ekspertin sözlərinə görə, bu məsələ hər zaman nəzərə alınmalı və bir neçə istiqamətdə qiymətləndirilməlidir.

Ə.Hüseynovun sözlərinə görə, ilk növbədə yol-nəqliyyat infrastrukturu yaradılarkən və istismar edilərkən meteoroloji hadisələr mütləq nəzərə alınmalıdır. O qeyd edib ki, yağıntılar, qar, yağış, leysan, çiskin, duman, güclü külək, eləcə də daha geniş mənada zəlzələ və qum fırtınası kimi təbii hadisələr infrastrukturun planlaşdırılmasında və istismarında əsas risk faktorları kimi dəyərləndirilməlidir.

Ekspert bildirib ki, “birinci baxış istiqaməti odur ki, yol-nəqliyyat infrastrukturunu yaradılarkən və istismar edilərkən elə edilməlidir ki, həmin amillər, yəni yağış, qar və s. bu infrastruktura imkan daxilində minimum təsir göstərsin”.

Onun sözlərinə görə, bu təsirin tamamilə qarşısını almaq mümkün olmasa da, müasir mühəndis-texniki həllər və texnologiyalar vasitəsilə riskləri minimum səviyyəyə endirmək olar. Ərşad Hüseynov vurğulayıb ki, yollar açıq məkan olduğundan yağıntının və digər təbii təsirlərin qaçılmaz olduğu nəzərə alınmalı, körpülər, dağ yamacları, enişli-yoxuşlu yollar, buzlaşma ehtimalı olan ərazilər xüsusi layihələndirmə ilə qorunmalıdır.

Ekspert qeyd edib ki, xüsusilə yağıntı sularının idarə olunması sistemi bu məsələdə əsas rol oynayır. Onun sözlərinə görə, yollar elə tikilməlidir ki, yağıntı suları hərəkət hissəsində qalmasın və dərhal kənarlaşdırılsın. Bu məqsədlə drenaj sistemləri, qanovlar və xüsusi suötürücü xətlər yaradılmalıdır.

Ə.Hüseynov bildirib ki, dünya təcrübəsində bu yanaşma geniş tətbiq olunur: “Məsələn, Fransada, Hollandiyada və Yaponiyanın əksər yerlərində yağıntılar Azərbaycandakından daha çox yağır. Amma onların yollarında demək olar ki, heç vaxt sel görməyəcəksiniz. Yağış yoldan kənarlaşır”.

Ekspertin sözlərinə görə, bu ölkələrdə suyun yoldan təhlükəsiz şəkildə uzaqlaşdırılması üçün xüsusi qanovlar və küvet sistemləri qurulur, beləliklə, həm yolun üzərində su yığılması, həm də yol kənarlarının yuyulub dağılması halları minimuma endirilir.

Ərşad Hüseynov əlavə edib ki, nəqliyyat parkı da mövcud iqlim və yol şəraitinə uyğun seçilməlidir. Onun fikrincə, nəqliyyat vasitələri istənilən meteoroloji şəraitdə işlək vəziyyətdə qalmalı, hərəkəti iflic etməməli və fasilələr yaratmamalıdır.

Ekspert vurğulayıb ki, işçi heyətin hazırlığı da bu prosesin mühüm hissəsidir. O bildirib ki, fövqəladə vəziyyətlərdə istifadə ediləcək avadanlıqlar, qurğular və operativ müdaxilə vasitələri hər zaman hazır vəziyyətdə saxlanmalıdır ki, kiçik bir nasazlıq və ya hava hadisəsi bütün hərəkəti iflic etməsin.

Ə.Hüseynovun sözlərinə görə, ikinci mühüm istiqamət insanların davranışı ilə bağlıdır. O qeyd edib ki, xüsusilə sürücülər müxtəlif meteoroloji şəraitdə təhlükəsiz idarəetmə bacarıqlarına malik olmalıdırlar.

Ekspert bildirib ki, “qar yağanda necə hərəkət eləmək olar, yağış yağanda necə hərəkət eləmək olar, dumanlı havada necə idarə etmək lazımdır – bunlar sürücü hazırlığının əsas tərkib hissəsi kimi öyrədilməlidir”.

Onun sözlərinə görə, bu maarifləndirmə yalnız sürücülərlə məhdudlaşmamalı, piyadaları da əhatə etməlidir. Ərşad Hüseynov qeyd edib ki, buzlaşma və güclü yağıntılar zamanı ən çox zərər çəkənlərdən biri piyadalardır və cəmiyyətə bu şəraitdə təhlükəsiz davranış qaydaları öyrədilməlidir.

Ekspert əlavə edib ki, güclü yağış zamanı səs fonunun dəyişməsi, görünüş məsafəsinin azalması və insanların diqqətinin dağılması da əlavə risklər yaradır. Bu zaman həm sürücülər, həm də piyadalar daha ehtiyatlı davranmalıdırlar.

Ə.Hüseynov üçüncü istiqamət kimi nəqliyyat vasitələrinin texniki sazlığını önə çəkib. Onun sözlərinə görə, sürücülər yola çıxmazdan əvvəl avtomobillərinin tam saz vəziyyətdə olduğuna əmin olmalıdırlar.

Ekspert bildirib ki, hava soyuyan zaman zəif akkumulyator səbəbindən mühərrikin işə düşməməsi, yanacağın bitməsi, şüşəsilənlərin və havalandırma sisteminin nasazlığı kimi “elementar səhvlər” yağıntılı hava şəraitində yollarda əlavə problemlər yaradır.

Ərşad Hüseynov qeyd edib ki, Azərbaycanda yağıntıların yol hərəkətinə təsiri xüsusilə kəskin hiss olunur və bunun əsas səbəbi infrastrukturun zəifliyidir. Onun sözlərinə görə, bir çox küçə və yollarda səkilər, asfalt örtüyü və yağıntı sularının idarə olunması sistemi ya zəifdir, ya da ümumiyyətlə yoxdur.

Ekspert vurğulayıb ki, xüsusilə paytaxtda bu problem daha qabarıq görünür. O əlavə edib ki, bəzi rayonlarda da eyni problemlər müşahidə olunur və bu səbəbdən hər yağış zamanı həm sürücülər, həm də piyadalar üçün ciddi çətinliklər yaranır.

Ə.Hüseynov bildirib ki, şəhərsalma norma və qaydalarında bütün bu məsələlər nəzərdə tutulsa da, praktikada çox zaman onlara əməl olunmur. O qeyd edib ki, nəticədə hər dəfə bir neçə saatlıq yağış belə ciddi fəsadlara səbəb olur.

Ekspert əlavə edib ki, ideal infrastruktur şəraitində belə yağıntının yol hərəkətinə təsiri tam aradan qalxmır: “İdeal infrastruktur olsa da belə, yağıntıların yol hərəkətinə təsiri qaçınılmazdır. Çünki bu, fizikanın qanunudur”.

Onun sözlərinə görə, yaş yol səthi təkərlərin yol ilə təmasını zəiflədir, buna görə sürücülər sürəti azaltmağa, sərt manevrlərdən çəkinməyə məcbur olurlar ki, bu da müəyyən hallarda sıxlıq və tıxaclara səbəb olur.

Ekspert sonda vurğulayıb ki, əsas həll yolu müasir infrastrukturun qurulması, xüsusilə yağıntı sularının idarə olunması sisteminin təkmilləşdirilməsi və hərəkət iştirakçılarının məsuliyyətli davranışıdır.

Fatimə Nəbiyeva

Seçilən
20
qht.az

1Mənbələr