AZ

Şəkidə musiqi texnikumu qəzalı VƏZİYYƏTDƏDİR - Tarixi bina niyə BƏRPA olunmur? – FOTO

Şəkidə tarixi binanın bərpa olunub yenidən sənət adamlarının istifadəsinə verilməsi xahiş olunur.    

Maraqlı təkliflərdən də biri ondan ibarətdir ki, tarixi bina bərpa olunaraq ya Musiqi Akademiyasının, ya da Milli Konservatoriyanın filialı kimi fəaliyyət göstərsin. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki Azərbaycanın tarix və mədəniyyət mərkəzlərindən biri hesab olunur.
 

Bu qədim diyarın tarixi abidələri kimi mədəniyyət sahəsində də onlarla yerli və dünya səviyyəli tanınmış musiqiçi, eləcə də bəstəkarlar var. Bu mədəniyyət xadimlərinin təhsil alıb yetişməsində müstəsna xidmətləri olan keçmiş musiqi texnikumu hazırda qəzalı vəziyyətdə, yəni dağılmaq üzrədir.


Şəki tarix və memarlıq abidələri ilə zəngin bir şəhərdir. Təkcə “Yuxarı baş” Milli Tarix Memarlıq Qoruğu ərazisində 84 belə abidə qeydiyyatdadır. Həmin abidələrin bir çoxunda ölkədə ilk məktəblər, mədəniyyət ocaqları fəaliyyət göstərib. Belə tarixi binalardan biri, hazırda Fətəli Xan Xoyski küçəsində yerləşən keçmiş musiqi texnikumudur. Bir zamanlar bu binadan musiqi sədaları, muğam və sinfoniyalar eşidildiyi halda bu gün onu adi gözlə seyr etmək olduqca ağırdır.

Tədqiqatçı, muzeyşünas Aydın Məmmədov tarixi bina haqda apardığı araşdırmaları belə xarakterizə edir. Bu bina əvvəlcə karvansaray olub. 

Sonradan ya yanğın, ya hansısa səbəbdən ikinci mərtəbə əlavə olunub. İkinci mərtəbə 1911-ci ildə tikilib yəni birinci mərtəbə daha qədimdir:

“Bu bina Nikolayın vaxtında bank kimi fəaliyyət göstərib. Sonra 1940-cı illərdə Müəllimlər İnstitutunun korpusu olub. 1958-ci ildə 2 illik Müəllimlər İnstitutu bağlanır və ondan sonra burada musiqi məktəbi açılır və bu 90-cı illərə qədər davam edir” deyən Aydın Məmmədov keçmiş musiqi məktəbi binasının belə hala düşməsinin heç də ürəkaçan olmadığını bildirib.  

Ali təhsilli musiqiçi, 10 ilə yaxın Şəki Musiqi Texnikumuna rəhbərlik edən Namiq Həmidov bu mədəniyyət ocağında keçmişdə bir çox musiqiçi və bəstəkarların yetişməsində mühüm rol oynadığını və onun göz-görə görə məhv olmasını narahatlıqla izlədiklərini bildirir.

Namiq müəllimin bununla bağlı maraqlı təklifləri var:

“Ürək ağrısı ilə deyə bilərəm ki, zona üzrə, respublikada 2-ci olan musiqi texnikumunun binası bu günkü gündə bu vəziyyətə düşüb. Yaxşı olardı ki, bu bina tarixi abidə kimi bərpa olunardı və Şəki musiqişilərinin bir evi, məkanı, məskəni kimi, mədəniyyət mərkəzi kimi fəaliyyətə başlayardı. Təklif edərdim k, bu bina bərpa olunsun və burada qədim tarixi abidə kimi Bakı Musiqi Akademiyasının zona üzrə filialı açılsın. Yaxud da Milli Konservatoriyanın filialı kimi fəaliyyətə başlasın” deyə fikirlərini səsləndirir. Namiq müəllim sözlərinə onu da əlavə edir ki, bu addımlar atılarsa, əmindir ki, rayonda və bölgədə yetərincə ixtisaslı kadrlar var.

Şəki Musiqi Texnikumunun keçmiş məzun, rəhbər və müəllimlərinin narahatlığını nəzərə alıb onun gələcək taleyi ilə bağlı məsələni araşdırdıq.

Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyindən bildirildi ki, Şəki şəhəri qoruq ərazisində, F.X.Xoyski küçəsində yerləşən və XX əsrin əvvəllərində xeyriyyəçi Hacı Məmmədsadıq Əliyev tərəfindən inşa etdirilmiş “Mollaxana” binası şəhərin tarixi-memarlıq irsinin əhəmiyyətli nümunələrindən biridir. Tikili plan quruluşuna görə Şərq hissədən iki, Qərb hissədən isə üç mərtəbəlidir.

Tarixi funksiyasına görə əvvəlcə dini təhsil ocağı kimi fəaliyyət göstərmiş bina sonrakı dövrlərdə Musiqi Texnikumu, “Ziyalılar evi” və M.K.Hacıoğlu adına mədəniyyət evi kimi istifadə olunub.

Uzun müddət istismar olunan tikili hazırda qəzalı vəziyyətdədir, konstruktiv elementlərində ciddi zədələnmələr müşahidə olunur.

Tarixi abidələrin qorunması və prioritetlərə uyğun mərhələli bərpası mədəni irsin qorunmasının əsas istiqamətlərindəndir. Bu çərçivədə sözügedən obyektin texniki vəziyyətinin kompleks qiymətləndirilməsi, bərpa-konservasiya imkanlarının araşdırılması və gələcək istifadəsinə dair konseptual yanaşmanın müəyyənləşdirilməsi nəzərdən keçirilir.






















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
20
23
bizim.media

10Mənbələr