AZ

Fədakarlıq, qayğıkeşlik və sədaqət simvolu

ain.az, 525.az portalına istinadən məlumat yayır.

O, ömrü boyu ətrafdakılarından köməyini əsirgəməyən, xeyirxahlığı, mərhəməti və insanpərvərliyi ilə seçilən bir insan kimi yaddaşlarda iz salıb. Tanıyanlar onu sıradan bir insan kimi deyil, hamı üçün dayaq, örnək və etibar mənbəyi kimi yad edirlər.

Yaşasaydı, 2026-cı il aprelin 12-də 85 yaşı tamam olacaqdı. Təəssüflər olsun ki, yubileyə 5 ay qalmış şərəfli ömrü yarımçıq qaldı və bu əlamətdar yubileyi qeyd etmək nə ona, nə də onu sevənlərə, dost-tanışa nəsib oldu.

2025-ci ilin noyabr ayında, Ana Radionun 99, Ana Televiziyanın isə 69 yaşının kollektiv üçün böyük sevinclə keçirildiyi günlərdən azacıq sonra eşitdiyimiz acı xəbər bütün kollektivi (xüsusən, cavanlıqdan həyatını bu ocağa bağlayanları) olduqca sarsıtdı. Bu xəbər ömrünün 51 ilini bu ocağa sədaqətlə xidmət edən və bu illər boyu hər kəsin böyük sevgisini, ehtiramını, hüsnü-rəğbətini qazanan “Əməkdar mədəniyyət işçisi”, “Tərəqqi” medallı Sərhəd Rəhmət oğlu Qasımovun vəfatı xəbəri idi.

İlk görüşün tarixçəsi

1992-ci ilin yaz ayları idi. Orta məktəbdə oxuyurdum. AzTV-nin Milli Məclislə üzbəüz, künc “Giriş” qapısında bərbərxana fəaliyyət göstərirdi (kollektivin yaşlı nümayəndələri usta Şamili, Nazimi və sonradan bu sıraya qoşulan Vüqarı yaxşı xatırlayarlar). Evimiz şirkətin yaxınlığında yerləşdiyindən, mən də ehtiyac olduqda (ancaq şənbə günləri, çünki iş günləri nə dərslər imkan verirdi, nə də boş yer olurdu) həmin bərbərxanaya gedirdim. Növbəti gedişimdə Şamil ustanın əlində işi olduğunu, iki nəfərin isə nərd oynadığını gördüm. Növbəmi xəbər aldıqda, Şamil nərd oynayan ağ saçlı, nurani kişini göstərərək:

- Növbədə o kişidir, dedi.

Həmin ağ saçlı nurani dərhal reaksiya verərək:

- Mən növbəmi bu cavan oğlana verirəm”, dedi.

Mən təşəkkürümü bildirib, əyləşdim. Şamil işini bitirdi. Ödəniş etmək istəyəndə məlum oldu ki, həmin ağ saçlı nurani ödənişimi də edib. Mən ona bir daha təşəkkür etmək istədikdə o gülümsəyərək, ərklə:

-  “Təşəkkürə ehtiyac yoxdur. Sən mənim qardaşımın balasısan. Dədənə də salamımı çatdır və de ki, axır vaxtlar efirdə az-az görünür ha!”, söylədi.

Mən o kişini tanımasam da, belə ərkyana müraciətdən anladım ki, o, mənim kimin oğlu olduğumu yaxşı bilir.

Axşam evə yığışanda əhvalatı valideynlərimə danışdım. Yeri gəlmişkən qeyd edim ki, valideynlərim teleradionun kollektivinin doğma saydığı, əməkdaşların xeyrində-şərində ürəklə iştirak edən insanlar olublar. Belə ki, atam, əməkdar jurnalist Tofiq Məmmədov ömrünün 50 ilini Azərbaycan Televiziya və Radio verilişləri Komitəsinə (indiki QSC) bağlayıb. O, bu ocağda sıravi redaktordan, İnformasiya Studiyasının direktorunun müavininə qədər müxtəlif məsul vəzifələrdə çalışıb. Amma kollektiv onu ən çox Partiya Təşkilat Komitəsinin rəhbəri (partkomu) vəzifəsindən tanıyırdı. Anam Şövkət Abdullayeva isə Abşeron rayon Komsomol Komitəsinin, Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi, 80-ci illərdə isə Nazirlər Kabinetində Televiziya, Mətbuat və Səhiyyə sahələrinə nəzarət edən şöbənin kuratoru olub. Beləliklə, o vaxtlar məndən fərqli olaraq, kollektiv onları, onlar da kollektivi çox yaxşı tanıyırdılar. Odur ki, ağ saçlı nuraninin görkəmini, bir-iki əlamətini soruşduqda hər ikisi: “Yüz faiz Sərhəd müəllim olacaq” dedilər və hər ikisi Sərhəd müəllimin insani keyfiyyətləri barədə ağızdolusu söz açdılar. Atam dərhal şəhər telefonunu götürüb (o vaxtlar mobil telefon olmadığından) ona zəng etdi, xeyli olduqca mehriban danışdılar, sonda təşəkkürünü bildirdi. Beləliklə, ilk görüşümüzdən məndə Sərhəd müəllim haqqında çox müsbət keyfiyyətlərə malik bir insan obrazı formalaşdı...

...Bu hadisədən düz 3 il sonra, 17 yaşım olarkən, atam əlimdən tutub məni ilk əmək fəaliyyətimə başlamaqdan ötrü ailəmiz üçün doğma ocaq olan Azərbaycan Radiosuna, ən kiçik vəzifəyə - səs yazma sexində səs operatoru vəzifəsinə işə düzəltdi. Bir il səs operatoru işlədikdən sonra, radionun əsas verilişlərindən sayılan və gündəlik efirə gedən “Səhər” musiqi-informasiya proqramını hazırlamaq üçün rejissor qrupuna səs rejissoru vəzifəsinə keçirtdilər. Bu məsələdə redaksiyanın istəyi və müsbət rəyi həlledici rol oynadı və o redaksiyanın hər bir üzvü ilə qəlblərimiz arasında elə sevgi telləri bağlandı ki, o sevgini çatdırmaq üçün uyğun söz tapa bilmirəm. Düz 15 il həmin verilişin rejissoru oldum. Bu müddətdə Sərhəd müəllimlə demək olar ki, hər iş günü görüşürdük. Bunun da özəl səbəbi vardı. Belə ki, “Səhər” proqramı “Xəbərlər” baş redaksiyasının xətti ilə yayımlanırdı. “Xəbərlər” redaksiyası radionun 5-ci mərtəbəsində, Sərhəd müəllimin otağı isə 3 mərtəbədə yerləşirdi. O illərdə (daha dəqiq desəm, 1967-ci ilin oktyabrından 2017-ci ilin may ayınadək) Sərhəd müəllim Teleradionun Həmkarlar İttifaqı Komitəsinin sədri idi. Hər gün verilişdə səslənəcək materiallarla tanış olmaq üçün (həm də verilişin musiqi düzümünü, dramaturgiyasını dəqiqləşdirməkdən ötrü) “Xəbərlər” redaksiyasına qalxmalı olurdum. Hər dəfə də qalxanda Sərhəd müəllimlə görüşərdim. Qapısı adətən açıq olardı. Yanında kimsə olsa belə (əslində elə gün olmurdu ki, yanında kimsə olmasın), özü məni otağa dəvət edər, işlərimlə maraqlanar, valideynlərimi xəbər alar, “salam” göndərməyi unutmazdı. Söhbətləri duzlu-məzəli olardı. O, mənə hər dəfə ərklə “Tofikoviç” deyə müraciət edərdi. Mən də həmişə ona “Sərhəd əmi”, deyə müraciət etmişəm... (Hal-hazırda kitabxana olan o otaq mənim üçün həm də ona görə doğma idi ki, atam 80-ci illərdə Partiya Təşkilat Komitəsinin sədri (el dili ilə desək “partkomu”) olanda məhz həmin otaqda otururdu. Uşaqlıqda dəfələrlə atam məni özüylə iş yerinə aparardı. İndinin özündə belə atamla bağlı şəkil paylaşanda nədənsə məhz o otaqda çəkilən birgə şəkilləri paylaşıram. Odur ki, hər dəfə o otağa daxil olduqda biixtiyar, xəyalən o illərə səfər edərdim...).

Tale elə gətirdi ki, 2003-cü ildə atamı, 2006-cı ildə isə anamı itirdim. Yeri gəlmişkən, onu da böyük yanğı və sonsuz minnətdarlıqla qeyd etməliyəm ki, qol-qanadımın qırıldığı, ürəyimlə baş-başa qaldığım, öz-özümlə danışdığım qəmli-ələmli vaxtlarımda həm AzTV, həm də BDU kollektivindən olan doğma həmkarlar, dostlar, tanışlar, bir sözlə, hamı təsəlli verməkdən usanmırdılar. Amma Sərhəd müəllimin sidq-ürəkdən başsağlığı verməyə ilk gələnlər arasında olması, dolmuş gözləri, təsəlliverici sözləri, sonralar isə illər boyu hər görüşümüzdə onları böyük qədirşünaslıqla, qəhərlənərək xatırlaması yaddaşıma əbədi həkk olundu. Və bütün bunlar mənə əsas verir deyim ki, o, əsl SƏDAQƏT SİMVOLU idi.

Kollektivin ümid yeri

Respublikamızın dilbər güşələrindən olan Lənkəranda dünyaya gələn, adı sevgi, şəxsiyyəti ehtiramla anılan Sərhəd Qasımov 50 il fasiləsiz olaraq Azərbaycan Televiziya və Radio Verilişləri Şirkəti Həmkarlar İttifaqı Komitəsinin sədri, 38 il Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin üzvü və 25 il SSRİ Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin plenum üzvü olub. Heç vaxt, heç nədən gileylənməyən, qürurlu, dediyindən dönməyən, kimsənin qarşısında əyilməyən Sərhəd müəllim səmimi davranışı ilə kollektivin ümid yeri, son dayağı idi. Baxmayaraq ki, onun vaxtında bircə dəfə də olsun Həmkarlar İttifaqına yardım üçün müraciət etməmişdim, amma çox dəqiq bilirəm ki, təmir problemi, maddi çətinliyi, səhhətində narahatçılığı, yardıma ehtiyacı olan əməkdaşlar ilk növbədə məhz Sərhəd müəllimə müraciət edərdilər. O da gücü çatan köməkliyi göstərər, köməkliyə gücü yetməsə də, düzgün yol göstərər, öyüd-nəsihət verər, otağından kimsənin naümid qayıtmasına imkan verməzdi. Ümumiyyətlə, bu nə məcüzədir, bilmirəm. Amma bunu çoxları təsdiqləyə bilər ki, otağına daxil olan ən əsəbi insan, oradan sakitləşərək, qəlbində sabaha böyük bir ümidlə çıxardı. Sanki onun dilində şəfa, davranışında məlhəm vardı. Ümümiyyətlə, kollektivin heç bir üzvü heç vaxt Sərhəd müəllimin diqqətindən kənarda qalmayıb. Çünki, o əsl FƏDAKARLIQ SİMVOLU idi.

“Son söz” əvəzi

Fələk kimsəni aramızdan ala bilsə də, xatirələrdən silə bilmir. Bu gün Sərhəd müəllim aramızda olmasa da, xatirəsi hər zaman bizimlədir. Həyata baxışı, zəhmətkeşliyi, səmimiyyəti, gözütoxluğu, insansevərliyi ilə çoxlarının qəlbində silinməz iz buraxan Sərhəd müəllimin ətrafdakılarına göstərdiyi qayğı, dostlarına olan sədaqəti və gördüyü xeyirxah işlər bu gün də ehtiramla xatırlanır, yad edilir. Onun söylədiyi sözlər, verdiyi nəsihətlər və yaşadığı həyat yolu gələcək nəsillər üçün qiymətli bir örnəkdir.

Sonda onu da qeyd etməyi özümə borc bilirəm ki, Sərhəd müəllimin vəfatı xəbərini eşidəndən onun haqqında ürək sözlərimi qələmə almaq fikri beynimdə var-gəl edirdi. Lakin içimdə nəsə bir narahatçılıq, tərəddüd var idi. Qorxurdum ki, belə şəxsiyyətli insanın obrazını bütün çalarları ilə təsvir edə bilmərəm yazımda. Bu fikri qətiyyətləşdirən isə vaxtilə hər həftə “Səhər” proqramını sevə-sevə bir yerdə hazırladığımız şair qəlbli əziz həmkarım Mübariz Süleymanlı oldu. Belə ki, Sərhəd müəllimin 3 mərasimdə təşkilatçılıq missiyasını sədaqət və bacarıqla yerinə yetirən Mübariz Süleymanlı bir neçə gün sonra mənə zəng edərək:

- “Sərhəd müəllim haqqında kitab hazırlamaq fikrindəyəm. İstərdim ki, onu tanıyanların, illərlə çiyin-çiyinə çalışanların ürək sözləri yer alacaq həmin kitabda sənin də xatirələrin yer alsın”, dedi.

Mən əziz həmkarım Mübariz Süleymanlıya dərin təşəkkürümü bildirmək istəyirəm ki, Sərhəd müəllimin əziz xatirəsinin əbədiləşməsi yolunda ilk addımı atdı. Və bu təklif məni bir daha əmin etdi ki, günlər ayları, aylar da illəri nə qədər əvəzləsə də, Sərhəd müəllimin əziz xatirəsi, gördüyü xeyirxahlıqlar onu tanıyanların qəlbində daim yaşayacaq. Çünki o, əsl QAYĞIKEŞLIK SİMVOLU idi.

Mən sadəliyi, təvazökarlığı, qüruru, mərd şəxsiyyəti ilə yaddaşlarda əbədi izlər buraxan bu insan haqqında çox söz deyə, çox söz yaza bilərdim. Amma istərdim ki, bu kiçik yazımı onun xatirəsinə ünvanladığım şeir parçası ilə tamamlayım:

Yaxşılıq etməkdən güc alırdı O,

Yaxşı əməllərlə ucalırdı O.

Biganə qalmazdı dərdi olana,

Elin dayağıydı Sərhəd Qasımov.

Bir simalı idi, bir üzlü idi,

Açıq sözlü idi, düz sözlü idi.

Sözünü yerində, haqlı deyərdi,

Haqqın sorağıydı Sərhəd Qasımov.

Möhnətlər, zillətlər görüb gəlmişdi,

Ağır məşəqqətlər görüb gəlmişdi.

Eşidcək, yetərdi haraya, səsə,

Ümid çırağıydı Sərhəd Qasımov.

Dünya bambaşqaydı onun gözündə,

Uydurma yox idi doğru sözündə.

Sanki Yer üzünün nurdan biçilən

Nurlu qonağıydı Sərhəd Qasımov.

Ruhu şad olsun!

Anar Məmmədov,

Şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

                                     

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
525.az

1Mənbələr