AZ

Azərbayacanda girov müqabilində azadlıqda qalmaq tədbiri niyə tətbiq olunmur? CAVAD CAVADOV DANIŞIR

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Məhkəmələr girov qətimkan tədbirini niyə tətbiq etmir?

01 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Cinayət-Prosessual Məcəlləsində qətimkan tədbirlərindən biri kimi girov da nəzərdə tutulub.

Qanuna görə, girov qətimkan tədbirinin mahiyyəti məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğinin, qiymətli kağızların və ya digər qiymətli əşyaların dövlət bankında məhkəmənin depozitinə qoyulmasından ibarətdir.

Buna baxmayaraq, girov qətimkan tədbiri Azərbaycan məhkəmə təcrübəsində faktiki olaraq görünmür. Bu barədə müxtəlif hüquqi müzakirələrdə də qeyd olunur ki, Məcəllədə nəzərdə tutulduğu vaxtdan etibarən bu tədbir praktiki tətbiq tapmayıb və artıq faktiki olaraq işləməyən normaya çevrilib.

Qeyd edək ki, Avropa Şurasına üzv olan bir çox dövlətlərdə cinayətdə ittiham olunan şəxsin məhkəməyə qədər girov müqabilində azadlıqda qalması ənənəsi geniş yayılıb.

Tanınmış vəkil Cavad Cavadov da  Gununsesi.info-ya açıqlamasında bildirib ki, əksər ölkələrdə bu tətbiq olunur:

“Girov qətimkan tədbiri uzun illərdir Cinayət-Prosessual Məcəlləsində mövcuddur, amma praktikada demək olar ki, tətbiq olunmur. Mən hesab edirəm ki, bu norma artıq faktiki olaraq ölü normaya, yəni işləməyən normaya çevrilib. Qanunda var, amma məhkəmə praktikasında real həyatı yoxdur”.

Cavad Cavadovun sözlərinə görə, problem qanunda girovun nəzərdə tutulmamasında deyil, məhkəmə və istintaq praktikasının demək olar ki, avtomatik şəkildə həbsə üstünlük verməsindədir:

“Ümumiyyətlə, istintaq və məhkəmələr qətimkan tədbiri kimi həbsin seçilməsinə üstünlük verirlər. Biz bunu illərdir müşahidə edirik. Həbs sanki istisna yox, praktiki olaraq əsas vasitəyə çevrilib. Halbuki qanunvericiliyin məntiqinə görə belə olmamalıdır. Həbs ən sərt qətimkan tədbiridir və yalnız başqa, daha yüngül tədbirlərin kifayət etmədiyi hallarda seçilməlidir”.

Bununla yanaşı, girov qətimkan tədbirinin özünün də qanunvericilikdə kifayət qədər məhdud çərçivədə nəzərdə tutulduğunu qeyd edən vəkil bildirib ki, Azərbaycan Respublikası CPM-nin 164.1-ci maddəsinə əsasən girov qismində qətimkan tədbiri yalnız böyük ictimai təhlükə törətməyən və ya az ağır, habelə ictimai təhlükəliliyi yalnız maddi ziyanla bağlı olan və ya ehtiyatsızlıq üzündən ağır cinayət törətməkdə ittiham olunan şəxslər barəsində tətbiq oluna bilər. Həmin normaya görə girov məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğinin, sənədli qiymətli kağızın və ya digər qiymətli əşyaların dövlət bankında məhkəmənin depozitinə qoyulmasından ibarətdir, məhkəmənin qərarı ilə daşınmaz əmlak da girov kimi qəbul oluna bilər.

“Mən hesab edirəm ki, bu norma işlək mexanizmə çevriləcəksə, gələcəkdə həmin məhdudiyyətlərə də yenidən baxılmalıdır. Girovun məntiqi ondan ibarətdir ki, şəxs istintaqdan və ya məhkəmədən yayınarsa, gizlənərsə, qoyulmuş girov dövlət nəfinə keçir. Yəni burada əsas təminat şəxsin davranışına bağlı iqtisadi riskdir. Anqlosakson hüquq sistemində geniş yayılmış bu qətimkan tədbiri şəxsiyyət əleyhinə olan xüsusilə ağır cinayətlərdə belə tətbiq oluna bilir və girovun məbləğini məhkəmə konkret halların xüsusiyyətinə görə müəyyən edir. Məncə, bizim məhkəmələrə də bu məsələdə daha geniş sərbəstlik verilməsinin vaxtı çatıb”.

Vəkil xatırladıb ki, girovun real tətbiqinə dair nadir və yaddaqalan nümunələrdən biri 2010-cu ildə olmuşdu:

“2010-cu ildə Nəsimi Rayon Məhkəməsinin hakimi, hazırda vəkil kimi fəaliyyət göstərən Elmar Kərimov iqtisadi iş üzrə həbsin girovla əvəz edilməsinə dair qərar qəbul etmişdi. Lakin həmin qərar prokurorluğun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinə çatan kimi ləğv edildi. O vaxtdan sonra həmin qətimkan tədbirini, demək olar ki, ‘gördüm deyən olmadı’”.

Cavad Cavadovun sözlərinə görə, bu faktın özü çox şeyi izah edir:

“Bu cür presedentlər məhkəmə sisteminə və aşağı instansiya hakimlərinə də mesaj verir. Yəni hakim girovu tətbiq etsə, bunun yuxarı instansiyada davam edib-etməyəcəyi sual altında qalır. Nəticədə sistem özünü daha təhlükəsiz saydığı, daha vərdiş etdiyi yola – həbsə üstünlük verir”.

Vəkil qeyd edir ki, problem yalnız nəzəri səviyyədə deyil, praktiki müdafiə fəaliyyətində də aydın görünür:

“Mən və tanıdığım digər vəkillər həbsin girovla dəyişdirilməsinə dair vəsatətlər veririk. Yəni bu institutdan istifadə etmək cəhdləri var. Amma həmin vəsatətlər ya təmin edilmir, ya da ümumiyyətlə real alternativ kimi qəbul olunmur. Bu da göstərir ki, girov qətimkan tədbiri kağız üzərində mövcuddur, amma praktikada işlək mexanizmə çevrilməyib”.

Onun fikrincə, burada əsas hüquqi problem ondan ibarətdir ki, məhkəmələr həbsə alternativ tədbirlərə real qiymət verməkdə maraqlı görünmürlər:

“Əgər qanun girovu nəzərdə tutursa, deməli məhkəmə onu real alternativ kimi nəzərdən keçirməlidir. Əks halda qanunvericinin həmin normanı Məcəlləyə salmasının heç bir mənası qalmır. Hüquqi dövlət üçün ən təhlükəli hallardan biri odur ki, norma formal şəkildə mövcud olur, amma tətbiq edilmədiyinə görə hüquqi sistemdə sadəcə dekorativ funksiyaya çevrilir”.

Cavad Cavadov hesab edir ki, girov qətimkan tədbirinin tətbiq olunmaması təkcə bir normanın işləməməsi deyil, daha geniş problemə işarədir:

“Bu, əslində bizim cinayət-prosessual praktikanın hansı istiqamətdə formalaşdığını göstərir. Əgər qanunda daha yumşaq və alternativ qətimkan tədbiri var, amma buna baxmayaraq sistem ardıcıl şəkildə həbsə üstünlük verirsə, bu artıq təsadüfi yox, oturuşmuş praktikadır. Belə praktika isə həm şəxsin azadlıq hüququ, həm də təqsirsizlik prezumpsiyası baxımından ciddi suallar doğurur”.

Vəkil sonda vurğulayıb ki, girov qətimkan tədbirinin işlək mexanizmə çevrilməsi üçün təkcə qanunun mövcudluğu yetərli deyil. Əsas məsələ məhkəmə təfəkkürünün və tətbiq praktikasının dəyişməsidir:

“Qanunda girov var, amma onun işləməsi üçün məhkəmələr bu instituta canlı norma kimi yanaşmalıdır. Həbs avtomatik seçim olmamalıdır. Məhkəmə hər dəfə özünə sual verməlidir: doğrudanmı bu işdə girov, ev dustaqlığı və ya başqa qətimkan tədbiri kifayət etmir? Bu sual real şəkildə verilmədikcə, girov qətimkan tədbiri kağız üzərində qalacaq”.

Pərviz Həşimli 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
icma.az

1Mənbələr