AZ

Vahid Əziz: “Məmur özünü "üç manatlıq xoruz" kimi dartıb qırağa çəksə, onu heç kəs saymayacaq”

“Şeir, poeziya həmişə bəyənilir. Məsələn, mənim şeirlərimi səhifələrdə paylaşırlar. Yaxşı şeirləri oxuyurlar. Şeir bilmək lazımdır, bu, insanın ruhunu oyadır”.

Bunu Bakıvaxtı.az-ın “Azərbaycan ədəbiyyatında şeirə marağın azalması nə ilə bağlıdır” sualını cavablandıran Xalq şairi Vahid Əziz deyib.

Xalq şairi ilə müsahibəni təqdim edirik:

- Vahid bəy, indiki ədəbiyyatla bağlı nə düşünürsünüz?

- İndiki ədəbiyyatımıza nə olub? Cavan, çox istedadlı uşaqlar var. Çox yaxşı yazırlar. Hərdən mən bəzilərinin şeirlərini oxuyanda deyirəm ki, hələ bizim adımız çıxıb. Əgər o boyda nəhənglərdən sonra biz varıqsa, bizdən sonra daha da yaxşıları olacaq.

Mənim ən zəif şeir yazan şairə belə böyük hörmətim var, çünki Allahdan vergili adamdır. Vergi də belədir də - birinə Allah bir milyon pul verib, birinə bir milyard, digərinə 30, başqasına 50 manat. Adam şeir yazırsa, deməli bunun ürəyi, duyğusu var, qəlbi var. Bu, düşünə, sevə bilir; Vətəni sevir, insanı sevir, təbiəti sevir.

- Bəzən məktəblərdə uşaqların şeir əzbərləməsinə az yer verildiyi deyilir. Bu fikirlə razısınızmı?

- Bəli, mənə elə gəlir ki, məktəblərdə uşaqların şeir əzbərləməsinə az yer verirlər. Çox yer verilməlidir.

Poeziya o qədər gözəl şeydir... Poeziyadan, sənətdən, ədəbiyyatdan, şeirdən xəbəri olan insanlar həm də çox səmimi olurlar. Ürəkləri təmiz olur, onlar insanın qayğısına daha çox qalırlar. Ona görə mən istəyərdim ki, Azərbaycanın bütün məmurları heç olmasa hərəsi 15-20 dənə şeir əzbər bilsinlər. Bilsinlər ki, nə var, nə yox. Çoxlu kitab oxusunlar, ədəbiyyatımızın vəziyyətindən xəbərdar olsunlar.

- Sizcə, bilirlərmi?

- Məmurlar, nazirlər, vəzifəli adamlar da bu ölkənin vətəndaşlarıdırlar. Məmur vətəndaşla dil tapmaq üçün gərək onun dilini bilə, onunla şeirlə danışmağı bacarmalıdır.

Məmur vətəndaşın toyunda oynamağı bacarmalıdır. Ulu öndər Heydər Əliyev gedib camaatla toyda oynayırdı. Prezident İlham Əliyev Qarabağda şənliklərdə qol qaldırıb oynayır. Nə eybi var bunun? Rəhbər, məmur adam nə qədər xalqının toyunda, xeyir-şərində iştirak eləsə, xalq onu bir o qədər sevər, yaxınlaşar, ürəyini açar. Yoxsa özünü "üç manatlıq xoruz" kimi dartılıb qırağa tutsa, onu heç kəs saymayacaq.

İnsanlara yaxın olan adama xalq adamı deyirlər. Xalq adamı olmaq əbədi yaşamaq deməkdir...

Zeynəb Rzayeva

Seçilən
9
2
bakivaxti.az

3Mənbələr