Belə halda istilik mövsümü uzadıla bilər?
Aktual.az xəbər verir ki, məsələ ilə bağlı Milli.Az-ın sualına cavab olaraq "Azəristiliktəchizat” ASC-nin PR meneceri Rüxsarə Babayeva bildirib ki, payız-qış mövsümünün başlanılması və başa çatdırılması tarixləri qanunvericiliklə tənzimlənir.
"Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli, 303 nömrəli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları”na əsasən, respublikanın dağlıq rayonlarında 1 noyabr tarixindən, Bakı şəhəri və digər ərazilərdə isə 15 noyabr tarixindən etibarən istilik verilişinə başlanılıb.”
R. Babayeva qeyd edib ki, Bakı şəhəri və respublikanın regionlarında 2025-2026-cı illər payız-qış mövsümü müvafiq qanunvericiliyə əsasən 15 aprel tarixində başa çatacaq.
"Cəmiyyətin qazanxanalarının fəaliyyət göstərdiyi 9 dağ rayonu (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik və Şamaxı) qanunvericiliyə əsasən mövsümün 1 may tarixinədək davam etdirilməsi nəzərdə tutulub.”
R. Babayeva vurğulayıb ki, təcrübədə hava şəraitinin kəskin olmasına görə istilik mövsümünün uzadılması halı olub.
"Lakin hazırda bu gündəmdə deyil”, – deyə o əlavə edib.