AZ

Paytaxtda su basmalar: mövcud vəziyyət sistemli çatışmazlıqları üzə çıxarır-Millət vəkili

Son günlər Bakıda müşahidə olunan güclü yağıntıların yaratdığı fəsadlar şəhərin infrastruktur vəziyyətini yenidən müzakirə mövzusuna çevirib. Yağışdan sonra yaranan vəziyyət göstərir ki, məsələ yalnız təbii amillərlə məhdudlaşmır, eyni zamanda uzun müddətdir həllini gözləyən struktur problemlərlə də bağlıdır.

Milli Məclisin deputatı Razi Nurullayev Editor.az-a açıqlamasında bildirib ki, Bakıda müşahidə olunan güclü yağışlardan sonra yolların, tunellərin və bəzi yaşayış ərazilərinin su altında qalması bir daha göstərdi ki, problem təkcə hava şəraiti ilə bağlı deyil:

“Bu, artıq sistemli xarakter daşıyan infrastruktur məsələsidir və uzun illər ərzində yığılıb qalmış problemlərin nəticəsidir. Əvvəlki çıxışlarımda da dəfələrlə qeyd etmişəm ki, paytaxtda aparılan tikinti siyasəti, suötürücü xətlərin yetərsizliyi və şəhərsalma qaydalarının pozulması bu vəziyyətə gətirib çıxarıb. Xüsusilə təbii su axınlarının qarşısının alınması, göllərin və su tutarlarının doldurularaq tikinti üçün satılması bu gün yaşadığımız problemlərin əsas səbəblərindəndir.

Sevindirici haldır ki, cənab Prezident bu məsələ ilə bağlı müşavirə keçirib və artıq aidiyyəti qurumlara konkret tapşırıqlar verilib. Məlumdur ki, 2030-cu ilə qədər bu sahədə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi planlaşdırılır. Bu, əlbəttə ki, müsbət addımdır və problemin köklü həlli üçün vacibdir.

Lakin həmin dövrə qədər mövcud imkanlardan maksimum səmərəli istifadə olunmalı və operativ idarəetmə təmin olunmalıdır. Əks halda, hər yağışdan sonra eyni mənzərə ilə qarşılaşacağıq.

Məsuliyyət məsələsinə gəldikdə isə, bu, yalnız bir qurumun üzərinə düşmür. Burada şəhərsalma, tikinti, kommunal xidmətlər və yerli icra strukturları daxil olmaqla bir neçə qurumun koordinasiyalı fəaliyyəti tələb olunur. Ən əsası isə məsuliyyət mexanizmi real işləməlidir”.

Millət vəkili hesab edir ki, ilk növbədə su tutarlarının və təbii göllərin qanunsuz şəkildə doldurulması ilə bağlı ciddi araşdırmalar aparılmalı və zəruri hallarda cinayət işləri başlanmalıdır:

“Bu, təkcə keçmişin səhvlərini araşdırmaq deyil, gələcəkdə bu cür halların qarşısını almaq üçün vacib mesajdır. Eyni zamanda, xaotik və plansız fərdi ev tikintisi birdəfəlik dayandırılmalıdır. Vətəndaşlar infrastrukturla təmin olunmuş ərazilərdə, real və əlçatan qiymətlərlə torpaq sahələri əldə edə bilməlidirlər. Əks halda, insanlar məcbur qalaraq kommunikasiya və drenaj sistemi olmayan ərazilərdə tikinti aparır və nəticədə bu kimi problemlər daha da dərinləşir.

Digər mühüm istiqamət sosial mənzil siyasətidir. Dövlət tərəfindən sosial evlərin tikintisi genişləndirilməli və vətəndaşlara daha münasib və əlverişli şərtlərlə təqdim olunmalıdır. Bu, həm şəhərdəki yükü azaldar, həm də plansız tikintinin qarşısını alar.

Nəticə olaraq qeyd etmək istəyirəm ki, məsələ yalnız yağışın gücündə deyil. Bu, idarəetmə, planlaşdırma və məsuliyyət məsələsidir. Əgər biz bu sahədə ciddi və sistemli addımlar atsaq, Bakı bu cür problemlərlə üzləşməz. Əks halda, hər il eyni vəziyyəti təkrar yaşayacağıq”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr