"Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər sadə ikitərəfli diplomatiya çərçivəsini çoxdan aşıb. Bu səfər həmin strateji tərəfdaşlığın ən yüksək səviyyədə bir daha təsdiq edilməsi deməkdir. Görüşlərdə vurğulandığı kimi, əlaqələr dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsipləri üzərində qurulub. Prezident Əliyevin öz sözləri ilə desək, "Azərbaycan və Gürcüstan arasındakı münasibətlər bütün qonşular üçün nümunə ola bilər"".
Bu fikirləri Prezident İlham Əliyevin Gürcüstan səfərini Redaktor.az-a şərh edən deputat Naqif Həmzəyev bildirdi. O əlvə etdi ki, səfərin ən əhəmiyyətli iqtisadi göstəricilərindən biri ticarət dövriyyəsinin dinamikasıdır:
"Keçən il iki ölkə arasındakı ticarət həcmi 800 milyon dolları ötüb. 2025-ci ilin ilk rübündə isə artım tendensiyasının davam etdiyi bildirilir. Prezident Əliyev ilin sonuna ticarətin 1 milyard dollara çata biləcəyini proqnozlaşdırıb. Orta Dəhliz, Çindən Avropaya uzanan Transxəzər Dəhlizi məhz Azərbaycan və Gürcüstan ərazilərindən keçir. Bu coğrafi həqiqət iki ölkəni bir-birindən ayrılmaz tərəfdaşa çevirir. Görüşlərdə bu dəhlizdə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Azərbaycan Prezidenti Orta Dəhlizi "əsas nəqliyyat damarı" adlandıraraq onun inkişafına əlavə səylər göstəriləcəyini bəyan edib. Səfərin diqqətçəkən ölçülərindən biri regional sülh kontekstidir. Görüşlərdə Azərbaycan-Ermənistan normallaşma prosesinin Cənubi Qafqazda sabitlik baxımından əhəmiyyəti xüsusi olaraq qeyd edilib. Prezident Əliyev sülhün yalnız sənədlər imzalamaqla deyil, ticarətin artırılması, iqtisadi əlaqələrin gücləndirilməsi ilə möhkəmləndiriləcəyini vurğulayıb. Bu prosesdə Gürcüstanın vasitəçi rol oynadığını da qeyd edib".

Deputatın sözlərinə görə, Gürcüstanın Avropaya inteqrasiya istəkləri ilə Azərbaycanın Avropa bazarlarına enerji ixracatı maraqları bir-birini tamamlayır:
"Prezident İlham Əliyevin Gürcüstana bu dövlət səfəri sıradan bir diplomatik ziyarət deyil. O, bir tərəfdən onilliklər boyu qurulmuş strateji tərəfdaşlığın yeni mərhələyə daşınmasını, digər tərəfdən isə Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inteqrasiya üçün ortaq bir vizionu ifadə edir. Ticarət həcminin 1 milyard dollara doğru irəliləməsi, nəqliyyat dəhlizlərinin genişləndirilməsi və regional sülh prosesindəki birgə mövqe bütün bunlar bu səfərin həm tarixi, həm də gələcəyəyönlü mahiyyətini açıq şəkildə ortaya qoyur".
NURİYYƏ