AZ

Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında yeni mərhələ başlayıb

“Azərbaycan

Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri ölkələrimiz arasındakı

qarşılıqlı münasibətlərimizin inkişafı üçün yeni səhifə açır. Səfər zamanı

müzakirə olunan məsələlərə, eləcə də Azərbaycan Prezidenti və Gürcüstan Baş

nazirinin bəyanatlarına diqqət yetirsək deyə bilərik ki, iki qonşu dövlət

olaraq münasibətlərimizin inkişafında yeni mərhələ başlayıb”.

Bu fikirləri

Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, bu gün Azərbaycanla Gürcüstan arasında strateji

tərəfdaşlıq əlaqələri yeni səviyyəyə yüksəlib. Eyni zamanda, əlaqələrin siyasi

əhəmiyyəti artıq iki ölkə hüdudları ilə kifayətlənmir, Tbilisi-Bakı əməkdaşlığı

həm region, həm də bütövlükdə Avropa üçün önəm qazandırır. Xüsusən, dünyada

enerjiyə tələbat artdığı bir zamanda əlaqələr hər iki ölkənin birlikdə

əməkdaşlığını daha da gücləndirib. Rəsmi Tbilisi bu məsələdə Bakının hər iki ölkənin

maraqlarına uyğun rolunu həm dərk edir, həm də əməkdaşlığın dərinləşməsinin

faydalı olduğunu anlayır. Eyni zamanda, Gürcüstan Azərbaycanın sülh

təşəbbüsləri fonunda daha sabit bir bölgənin daha faydalı bir mühitə gətirib

çıxaracağına da inanaraq Bakının mövqeyini bölüşür.

Təbii ki,

dialoq mühitinin genişlənməsi, Cənubi Qafqazda daimi sülhün bərqərar

olunmasından bütün region faydalanacaq. Bu məsələdə xüsusi diqqət çəkən isə

odur ki, proseslər məhz Bakının müəyyənləşdirdiyi istiqamətdə inkişaf edir.

Əlbəttə ki, bu, Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin

bərqarar olunması istiqamətində önəmli bir platforma ola bilər. Mətbuata

bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, bu gün Cənubi Qafqazda

tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu

imkanları əldən verməməlidir. “Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq,

sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun

nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir.

Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi

Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və

mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim”, - deyə

dövlətimizin başçısı vurğulayıb.

Gürcüstanın

Baş naziri İrakli Kabaxidze də iki ölkə arasında əlaqələrin səviyyəsini yüksək

qiymətləndirib və Prezident İlham Əliyevi Gürcüstanın dəyərli dostu adlandırıb.

 O deyib ki, Gürcüstan Azərbaycan ilə Ermənistan arasında sülh prosesini

alqışlayır: “Gürcüstan dinc yanaşı yaşamağı, konstruktiv əməkdaşlığı və

regionda yeni təşəbbüsləri qəti şəkildə dəstəkləyir. Lazım olan təqdirdə biz

hər zaman dialoqa və sülh proseslərinə şərait yaratmağa hazırıq. Cənubi Qafqaz

ölkələri arasında əməkdaşlıq bütöv region üçün yeni perspektivlər açır”.

Bütövlükdə,

qlobal geosiyasi dəyişikliklər, Orta Dəhlizin vacibliyini, o cümlədən Qara dənizin

və Cənubi Qafqazın strateji məkan kimi əhəmiyyətini daha da artırır. Asiya ilə

Avropanı birləşdirən körpü kimi ölkələrimiz daşımalarda mühüm rol oynayır. Bu

baxımdan, ölkələrimiz nəqliyyat və logistika infrastrukturunun inkişafına və

müasirləşdirilməsinə xüsusi önəm verir. Azərbaycanın təşəbbüsləri Avropa üçün

bu baxımdan yeni imkanlar açır. Gürcüstan isə tranzit ölkə kimi burada iqtisadi

dividentlərini artırmaqdadır.

Proseslər

göstərir ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi,

Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr “yaşıl enerji” sahəsində əməkdaşlıq

üçün örnək olacaq və bu sferadakı layihələr eyni müvəffəqiyyətlə icra ediləcək.

Çünki həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı

var.

Deputat 

qeyd edib ki, iki ölkə arasındakı siyasi dialoqun yüksək dinamizminə uyğun

olaraq tərəflərin maraqlarına cavab verən iqtisadi əlaqələr də yüksələn xətlə

inkişaf edir. Azərbaycan şirkətləri dost ölkədəki əlverişli investisiya

mühitindən bəhrələnərək tikinti, turizm, infrastruktur quruculuğu və digər

sahələrə məmnuniyyətlə böyük həcmlərdə sərmayələr yönəldirlər. Bu gün qonşu

ölkənin xarici ticarət dövriyyəsində Azərbaycan xüsusi yer tutur. 

“Bütövlükdə, qarşılıqlı faydalı münasibətlər Azərbaycan-Gürcüstan əlaqələrinin

davamlı inkişafından xəbər verir”, - deyə Samir Vəliyev vurğulayıb.

 

Rəşad CƏFƏRLİ,

«Azərbaycan»

Seçilən
11
3
azerbaijan-news.az

6Mənbələr