AZ

Azərbaycan-Gürcüstan əlaqələri: sabitlik, inkişaf və ortaq maraqlar



Aprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki dövlət arasında mövcud olan strateji tərəfdaşlığın dərin mahiyyətini və inkişaf dinamikasını bir daha nümayiş etdirir. Səsləndirilən fikirlər ikitərəfli münasibətlərin yalnız bugünkü vəziyyətini deyil, həm də gələcək istiqamətlərini və regional əməkdaşlıq baxımından əhəmiyyətini ön plana çıxarır.

Azərbaycan ilə Gürcüstan arasında əlaqələr əsrlər boyu formalaşmış dostluq və qardaşlıq ənənələrinə əsaslanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. İki müstəqil dövlət olaraq tərəflər inamla inkişaf edir və bu inkişafın əsasında qarşılıqlı etimad dayanır. Tarixi əlaqələrin müasir mərhələdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi region üçün sabitlik və əməkdaşlıq modeli yaradır.
Gürcüstanda mövcud olan siyasi sabitlik və bunun iqtisadi inkişaf üçün yaratdığı əlverişli mühit sayəsində ölkədə müsbət sərmayə iqlimi formalaşıb və bu da xarici investorların, o cümlədən Azərbaycan investorlarının marağını artırıb. Bu günədək Gürcüstan iqtisadiyyatına yatırılan 3,7 milyard dollarlıq sərmayə iki dövlət arasında iqtisadi əməkdaşlığın real göstəricisidir. Ticarət dövriyyəsinin artan dinamikası isə iqtisadi inteqrasiyanın daha da genişlənəcəyini sübut edir.

Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlar çərçivəsində daim qarşılıqlı dəstək nümayiş etdirir. Ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı kimi prinsiplər tərəflərin ortaq mövqeyini təşkil edir. Bu yanaşma yalnız ikitərəfli münasibətləri möhkəmləndirmir, eyni zamanda regionda beynəlxalq hüququn prinsiplərinin qorunmasına xidmət edir.

Səfər zamanı səsləndirilən mühüm məqamlardan biri də Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlarla bağlı idi. Uzun illər gərginlik, qarşıdurma və münaqişələrlə xarakterizə olunan region artıq keyfiyyətcə fərqli inkişaf mərhələsinə qədəm qoyur. Bu yeni mərhələnin əsas prioritetlərini sülhün möhkəmləndirilməsi, davamlı sabitliyin təmin olunması və qarşılıqlı faydalı əməkdaşlıq təşkil edir. Formalaşan yeni şərait region dövlətləri qarşısında geniş imkanlar yaradır. Həmin imkanlardan səmərəli istifadə olunması iqtisadi inteqrasiyanın dərinləşməsinə, nəqliyyat və enerji layihələrinin genişlənməsinə, həmçinin qarşılıqlı etimad mühitinin daha da güclənməsinə xidmət edəcəkdir. Eyni zamanda, regional əməkdaşlığın inkişafı təkcə iqtisadi deyil, siyasi və təhlükəsizlik baxımından dayanıqlı gələcəyin təmin olunmasında mühüm rol oynayır.
Regionda davamlı sülhün təmin olunması üçün iqtisadi əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Gürcüstanın tranzit ölkə kimi rolu mühüm faktor kimi çıxış edir. Ticarət və iqtisadi əməkdaşlıq sülh prosesinin möhkəmlənməsində praktik vasitə kimi qiymətləndirilir.
İki dövlət arasında əməkdaşlığın ən mühüm istiqamətlərindən biri enerji və nəqliyyat sahələridir. Azərbaycan uzun illərdir ki, geniş coğrafiyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və bu prosesdə Gürcüstan əsas tranzit tərəfdaşdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr regionun enerji xəritəsini dəyişdirən strateji təşəbbüslərdir. Bu layihələr vasitəsilə enerji resursları dünya bazarlarına təhlükəsiz və dayanıqlı şəkildə çatdırılır. Eyni zamanda, Orta Dəhliz layihəsi Şərq-Qərb nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. Bu dəhliz iki dövlətin tranzit imkanlarını artırmaqla yanaşı, regionun geoiqtisadi əhəmiyyətini də yüksəldir.
Dövlətlərarası əməkdaşlıq gündəliyi kifayət qədər genişdir və davamlı olaraq inkişaf edir. Yeni investisiya layihələri, üçüncü ölkələrdə birgə fəaliyyət imkanları və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi tərəfdaşlığın perspektivlərini daha da artırır. Bu münasibətlər modeli qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulduğu üçün regionda nümunəvi əməkdaşlıq formatı kimi mühüm önəm kəsb edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim münasibətlər deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola bilər: “Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur. Əminəm ki, biz bundan sonra da bu yolla uğurla gedəcəyik”.

Prezident İlham Əliyevin Gürcüstana səfər çərçivəsində mətbuata verdiyi bəyanat bir daha göstərdi ki, iki dövlət arasında münasibətlər yalnız mövcud əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda gələcəyə yönəlmiş strateji baxışa əsaslanır. Siyasi dialoqdan iqtisadi inteqrasiyaya doğru inkişaf edən bu münasibətlər regionda sabitliyin, təhlükəsizliyin və rifahın təmin olunmasında mühüm rol oynamağa davam edəcəkdir.

Bədəl Bədəlov
Milli Məclisin deputatı




Seçilən
16
aia.az

1Mənbələr