AZ

Əliyevin Tbilisi səfəri: regionun taleyi yenidən yazılır Strateji dönüş nöqtəsi

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan və Gürcüstan xalqları arasında əsrlərə söykənən dostluq münasibətləri bu gün artıq klassik qonşuluq modelini aşaraq, institusional və funksional baxımdan dərin strateji tərəfdaşlığa transformasiya olunub. Hər iki liderin bəyanatlarında vurğulanan əsas məqamlar, yəni qarşılıqlı dəstək, suverenliyə hörmət və ərazi bütövlüyünün qəti müdafiəsi bu münasibətlərin yalnız siyasi deyil, həm də normativ əsaslara söykəndiyini göstərir”.

Bu sözləri Globalinfo.az-a deputat Elçin Mirzəbəyli Prezident İlham Əliyevin Gürcüstana səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Bakı və Tbilisi beynəlxalq təşkilatlar çərçivəsində də vahid mövqedən çıxış edərək regional sabitliyin dayaqlarından birinə çevriliblər:

“Bu, xüsusilə qlobal qeyri-müəyyənliklərin artdığı bir dövrdə iki ölkə arasında strateji etimadın nə qədər möhkəm olduğunu nümayiş etdirir.

Azərbaycan–Gürcüstan əməkdaşlığının ən mühüm sütunlarından biri enerji və nəqliyyat sahəsində qurulmuş unikal sinerjidir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi transmilli layihələr artıq təkcə regional deyil, Avrasiyanın enerji təhlükəsizliyinin ayrılmaz komponentinə çevrilib. Bu kontekstdə Gürcüstanın tranzit ölkə kimi rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan enerji resurslarının dünya bazarlarına çıxışı məhz Gürcüstan üzərindən təmin edilir. Eyni zamanda, Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika imkanlarının genişləndirilməsi Bakı–Tbilisi əməkdaşlığını yeni iqtisadi müstəviyə çıxarır. Bu dəhliz təkcə Asiya ilə Avropanı birləşdirən marşrut deyil, həm də geosiyasi balansın yenidən qurulmasında mühüm alətə çevrilir.

Bugünkü reallıqlar göstərir ki, Cənubi Qafqaz artıq periferik coğrafiya deyil, qlobal nəqliyyat və enerji xəritəsində əsas düyün nöqtələrindən biridir. Orta Dəhlizin aktuallaşması fonunda Azərbaycan və Gürcüstanın rolu daha da artır. Baş nazir Kobaxidzenin də qeyd etdiyi kimi, Qara dəniz və Cənubi Qafqazın strateji əhəmiyyətinin yüksəlməsi təsadüfi deyil. Qlobal təchizat zəncirlərinin yenidən formalaşdığı bir mərhələdə Bakı–Tbilisi tandemi etibarlı və dayanıqlı marşrut kimi ön plana çıxır. Bu isə hər iki ölkəyə yalnız tranzit gəlirləri deyil, həm də geosiyasi çəkilərini artırmaq imkanı verir.

Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutan məsələlərdən biri də Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması və regionda sülh gündəliyinin irəlilədilməsidir. Gürcüstanın bu prosesdə dialoq platforması və vasitəçi məkan kimi çıxış etməsi Tbilisinin regional sabitlikdə artan funksional əhəmiyyətini göstərir”.

Elçin Mirzəbəyli

Deputat qeyd edib ki, artıq regionda qarşıdurma ritorikasını əməkdaşlıq diskursu əvəzləməkdədir:

“Ticarət, nəqliyyat və iqtisadi inteqrasiya sülhün əsas təminat mexanizmi kimi təqdim olunur. Bu yanaşma klassik təhlükəsizlik modellərindən fərqli olaraq, qarşılıqlı faydalı iqtisadi asılılıq prinsipinə əsaslanır və uzunmüddətli sabitlik vəd edir. Rəqəmlər də əməkdaşlığın artan dinamikasını təsdiqləyir. Ticarət dövriyyəsinin 800 milyon dolları keçməsi və artım tempinin davam etməsi, həmçinin Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə yatırması iqtisadi inteqrasiyanın real nəticələrini ortaya qoyur.

Bundan əlavə, liderlərin üçüncü ölkələrdə birgə investisiya imkanlarını müzakirə etməsi əməkdaşlığın artıq regional çərçivəni aşaraq qlobal iqtisadi platformaya transformasiya olunduğunu göstərir. Bu isə Bakı–Tbilisi münasibətlərinin yeni – “kooperativ ekspansiya” mərhələsinə qədəm qoyduğunu deməyə əsas verir.

Prezident İlham Əliyevin Gürcüstandakı siyasi sabitliyi xüsusi vurğulaması təsadüfi deyil. Çünki regional layihələrin uğuru birbaşa olaraq daxili sabitlik və idarəetmə keyfiyyəti ilə bağlıdır. Gürcüstanın investisiya cəlbediciliyinin artması və iqtisadi inkişaf tempi məhz bu sabitliyin nəticəsi kimi qiymətləndirilir. Azərbaycan–Gürcüstan münasibətləri bu gün artıq sadəcə yaxın qonşuluq və ya strateji tərəfdaşlıq kateqoriyasına sığmır. Bu münasibətlər qarşılıqlı etimad, ortaq maraqlar və strateji baxış üzərində qurulmuş model əməkdaşlıq nümunəsinə çevrilib.

Cənab Prezidentin səfəri isə bir daha göstərdi ki, Bakı və Tbilisi yalnız mövcud layihələri davam etdirməklə kifayətlənmir, eyni zamanda regionun gələcəyini formalaşdıran əsas aktorlar kimi çıxış edirlər. Bu isə Azərbaycan və Gürcüstan üçün yeni imkanlar, Cənubi Qafqaz üçün isə sabitlik, inkişaf və əməkdaşlıq perspektivləri deməkdir.

Bu baxımdan, İlham Əliyevin Gürcüstana dövlət səfəri yalnız diplomatik hadisə deyil, həm də regionun gələcək inkişaf trayektoriyasını müəyyən edən strateji dönüş nöqtəsi kimi tarixə düşür”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
globalinfo.az

1Mənbələr