Güclü yağışlardan sonra Xızı rayonunun Giləzi və Sitalçay kəndləri subasmaya məruz qalıb.
Musavat.com yerli sakinlərə istinadən xəbər verir ki, subasmaya səbəb köhnə Samur-Abşeron su kanalının torpaq bəndinin bir neçə yerdən qırılmasıdır.
Redaksiyamıza təqdim edilən videokadrlardan da görünür ki, su ilə dolan kanalın torpaq bəndi 3 yerdə təzyiqə davam gətirməyərək dağılıb.
Sakinlərin dediyinə görə, ötən il də eyni vəziyyət yaranıb, ərazidəki evlərə, təsərrüfatlara, biznes obyektlərinə külli miqdarda ziyan dəyib.
Araşdırmalardan sonra məlum olub ki, kanalın suyunu Sitalçaydan sonra dənizə axıdan nasoslar və qapılar işləmir. Kanalın keçdiyi ərazilərdəki sular əvvəlki qaydada kanala axıdılır. Lakin yeni kanal tikilib istifadəyə verildikdən sonra Azərbayn Dövlət Su Ehtiyatları Agentliyi hər iki qurğunu baxımsız buraxıb, onların fəaliyyətini təmin etmədiyi üçün toplanan su dənizə axmayaraq kanalda daşqına gətirib çıxarır.
Sakinlər bildirirlər ki, istifadəsi dayandırılan kanalın dənizə olan çıxışlarının heç birini açıq saxlamırlar.
Maraqlıdır ki, sakinlərin müraciətinə cavab olaraq qurumun yerli strukturlarından qapıların, çıxışların açıq olduğu deyilib. Lakin kanalın Sitalçaydan sonrakı hissəsi ilə su axınının olmaması göstərir ki, məlumat həqiqəti əks etdirmir.
Beləliklə, sərbəst axını olmayan su kanalda toplanaraq kənarlardan qırılmaya səbəb olur, güclü su axını əhali və biznesə ikinci ildir fəalkət yaşadır.
Kənd sakinləri və ərazidə fəaliyyət göstərən iş adamları məsələnin araşdırılması üçün dövlət komissiyasının yaradılmasını, günahkarların müəyyənləşdirilərək cəzalandırılmasını tələb edirlər. Bildirilir ki, əks halda, bu hal hər il təkrarlanacaq, çünki keçdiyi ərazilərdə suların köhnə kanala axıdılması davam edir.