AZ

Cəhridən Lələtəpəyə, Lələtəpədən əbədiyyətə Qəhrəmanlıq yolu

Hurriyyet saytına istinadən ain.az xəbər verir.

Babək rayonunun Cəhri qəsəbəsindən çıxan igid zabit – şəhid mayor “Rasim Məmmədov”in həyat yolu Vətənə sədaqətin, cəsarətin və əsl qəhrəmanlığın bariz nümunəsidir. Onun ömür yolu yalnız şəxsi taleyi deyil, həm də Azərbaycan əsgərinin şərəfli döyüş salnaməsidir.

Rasim Məmmədov gənc yaşlarından Vətən sevgisi ilə böyüyüb. Ailəsində gördüyü vətənpərvərlik nümunəsi onun həyat yolunu müəyyənləşdirib. Atası uzun illər torpaqlarımızın müdafiəsində iştirak etmiş, ağır yaralanaraq ömürlük əlil qalmışdı. Bu hadisələr Rasimin yaddaşında silinməz iz buraxmış, onu atasının yolunu davam etdirməyə sövq etmişdi.

Şəhidin anası Bəsti xanımın sözləri bu yolun necə başlanmasını aydın ifadə edir:

“Rasim 9-cu sinifdə oxuyanda məktəbdə eşitmişdi ki, Sədərəkdə döyüş gedir. Gəldi ki, maşın olsa gedib atama kömək edərəm. Atası vuruldu, amma o qorxmadı. Dedi ki, mən atamın yolunu gedəcəyəm. Atası da ona xeyir-dua verdi – gedin torpağımızı qoruyun.”

Bu xeyir-dua ilə Rasim hərb yolunu seçərək “Bakı Ali Birləşmiş Komandirlər Məktəbi”nə daxil olur. Təhsilini uğurla başa vuraraq peşəkar zabit kimi formalaşır, xidmətində daim fərqlənir və tank taborunun komandiri – mayor rütbəsinə qədər yüksəlir.

Onun həyat yoldaşı Samirə xanım Rasimin xarakterini belə xatırlayır:

“Rasim evdə həmişə vətənpərvərlik mahnıları dinləyirdi. Hərbi hissəyə gedəndə əsgərlərinə də dinlədirdi. Telefonunda “Çırpınırdı Qara dəniz” mahnısı vardı, çox sevərdi...”

2016-cı ilin aprelində baş verən və tarixə Aprel döyüşləri kimi düşən döyüşlərdə Rasim Məmmədov ön cəbhədə idi. Lələtəpə uğrunda gedən şiddətli döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhid oldu.

Samirə xanım həmin günləri belə xatırlayır:

“Aprelin 1-dən 2-nə keçən gecə atışmalar başladı. Sonuncu danışığımızda dedi ki, hər şey yaxşıdır, düşmənin anasını ağlatdıq. Aprelin 4-ü zəng etdim, telefona cavab vermədi... Bununla da bizim həyat hekayəmiz bitdi. Amma mən qürur duyuram ki, Rasimin həyat yoldaşıyam.”

Rasim Məmmədov göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Vətən uğrunda medalı” və II dərəcəli “Qüsursuz xidmətə görə medalı” ilə təltif olunub.

Ailəli idi, iki övladı yadigar qaldı. Onun ömür yolu – Cəhridən Lələtəpəyə uzanan və əbədiyyətə qovuşan yol – Vətən uğrunda canından keçən qəhrəmanların ölməzliyinin rəmzidir.

Bu igid zabitin həyatı bir daha sübut edir ki, Vətən sevgisi ən ali dəyərdir. Rasim Məmmədovun adı və keçdiyi şərəfli yol xalqımızın yaddaşında daim yaşayacaq.

Hurriyyet.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
hurriyyet.az

2Mənbələr