AZ

Azərbaycan–Gürcüstan münasibətləri: strateji tərəfdaşlıqdan regional güc modelinə doğru

Cənubi Qafqazın geosiyasi mənzərəsində Azərbaycan–Gürcüstan münasibətləri xüsusi yer tutur. Bu münasibətlər yalnız qonşuluq əlaqələri deyil, eyni zamanda dərin siyasi etimad və ortaq strateji maraqlara əsaslanan əməkdaşlıq modelidir. Bu model bir daha 2026-cı ilin 6 aprel tarixində  Prezident İlham Əliyev-in Gürcüstana səfəri zamanı öz təsdiqini tapdı. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və xüsusilə mətbuat konfransında səsləndirilən bəyanatlar münasibətlərin mahiyyətini və gələcək istiqamətlərini aydın şəkildə ortaya qoydu.

Birgə mətbuat konfransında Prezident İlham Əliyev Azərbaycan–Gürcüstan münasibətlərinin səviyyəsini yüksək qiymətləndirərək bildirdi ki: “Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir, biz dost, qonşu və strateji tərəfdaşıq.” Bu fikir təkcə diplomatik bəyanat deyil, illər ərzində formalaşmış real əməkdaşlığın siyasi təsdiqidir. Prezident eyni zamanda vurğuladı ki: “Bizim əməkdaşlığımız regionda sabitliyin və təhlükəsizliyin əsas amillərindən biridir.” Bu mesaj xüsusilə bugünkü mürəkkəb geosiyasi şəraitdə böyük əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqazda sabitliyin qorunması məhz belə etibarlı tərəfdaşlıqlardan keçir.

Mətbuat konfransında səsləndirilən əsas məqamlardan biri də iqtisadi əməkdaşlığın genişləndirilməsi oldu. Prezident İlham Əliyev qeyd etdi ki:“Birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri təkcə ölkələrimiz üçün deyil, geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyır.” Bu fikirlər Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və Orta Dəhliz kimi layihələrin strateji mahiyyətini bir daha ön plana çıxarır. Prezident həmçinin gələcəkdə yaşıl enerji və alternativ enerji mənbələri üzrə əməkdaşlığın genişlənəcəyini də diqqətə çatdırdı.

Mətbuat konfransında xüsusi vurğulanan məsələlərdən biri də Orta Dəhlizin əhəmiyyəti oldu. Prezident İlham Əliyev qeyd etdi ki: “Azərbaycan və Gürcüstan Avropa ilə Asiya arasında mühüm nəqliyyat körpüsüdür.” Bu yanaşma regionun qlobal iqtisadi sistemdə rolunun artdığını göstərir. Artıq Azərbaycan–Gürcüstan tandemi sadəcə regional əməkdaşlıq çərçivəsini aşaraq beynəlxalq logistika və enerji təhlükəsizliyi sisteminin mühüm elementi kimi çıxış edir.

Prezident İlham Əliyev çıxışında iki ölkənin bir-birinin ərazi bütövlüyünü daim dəstəklədiyini də xüsusi qeyd etdi. Bu isə münasibətlərin ən mühüm sütunlarından biri kimi diqqət çəkir. “Biz beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq.” Bu bəyanat qarşılıqlı etimadın və strateji tərəfdaşlığın ən güclü göstəricilərindən biridir.

Prezident İlham Əliyevin Gürcüstanda mətbuat konfransında səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan–Gürcüstan münasibətləri təsadüfi əməkdaşlıq deyil, dərin strateji baxışa əsaslanan uzunmüddətli ittifaqdır. Bu ittifaq regionda sabitliyin təmin olunmasına, iqtisadi inkişafın sürətlənməsinə və Cənubi Qafqazın qlobal əhəmiyyətinin artmasına xidmət edir. 2026-cı ilin aprel səfəri isə bu münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu və gələcəkdə daha geniş miqyasda inkişaf edəcəyini açıq şəkildə nümayiş etdirdi.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri 

Seçilən
16
1
yeniazerbaycan.com

2Mənbələr