ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları dünyada daha yüksək inflyasiyaya və iqtisadi artımın azalmasına səbəb ola bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgieva “Reuters” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, münaqişə tezliklə başa çatsa belə, BVF qlobal makroiqtisadi proqnozlarını aşağı salmağı planlaşdırır: “Hazırda bütün yollar daha yüksək qiymətlərə və daha aşağı iqtisadi artıma aparır. Müharibə bu gün bitsə belə, dünya uzun müddət onun mənfi nəticələrini hiss edəcək”.
Georgieva bildirib ki, enerji ehtiyatları olmayan kasıb və həssas ölkələr bu vəziyyətdən daha çox zərər görəcək. Onun sözlərinə görə, bir çox ölkələrin artan qiymətlərlə mübarizə aparmaq və vətəndaşlarına dəstək vermək üçün kifayət qədər maliyyə imkanları yoxdur.
BVF rəhbəri bəzi dövlətlərin artıq maliyyə yardımı üçün müraciət etdiyini, lakin onların adlarını açıqlamadığını qeyd edib.
Aprelin əvvəlində BVF, Dünya Bankı və Beynəlxalq Enerji Agentliyi də İrana edilən hücumların artıq qlobal iqtisadi təsirlər yaratdığını bildirib. Qeyd olunub ki, bu proses təchizat zəncirlərinə, hava nəqliyyatına və turizm sektoruna mənfi təsir göstərir.
Müharibənin nəticələri “əhəmiyyətli, qlobal və yüksək dərəcədə asimmetrik” kimi qiymətləndirilib. Bunun fonunda neft, qaz və gübrə qiymətlərində artım müşahidə olunur. Eyni zamanda, ərzaq qiymətləri ilə bağlı narahatlıqlar yüksəlib, helium, fosfatlar, alüminium və digər xammallar üzrə qlobal təchizat zəncirlərinə təsirlər qeydə alınıb.