AZ

Yağışdan zərər çəkənlərə kompensasiya veriləcək: Ancaq bir şərtlə

Son günlər yağan güclü yağışlar nəticəsində Bakı və Abşeron ərazisində bir çox insanın əmlakı ciddi zərər görüb. 

Evlərə, mənzillərə, şəxsi mülkiyyətə və infrastruktura dəymiş ziyan sakinlərin gündəlik həyatını çətinləşdirib və onların maliyyə yükünü artırıb. Məlumdur ki, belə hallarda dövlət və ya müvafiq qurumlar tərəfindən zərər çəkmiş şəxslərə kompensasiya verilməsi gözlənilir. 

Bu dəstək vətəndaşların əmlakına dəymiş ziyanı aradan qaldırmaq, həyat şəraitini yüngülləşdirmək və zərərin iqtisadi təsirlərini minimuma endirmək məqsədi daşıyır.

Bəs yağan yağış nəticəsində əmlakı zərər görən insanlara kompensasiya verilməsi gözlənilirmi? 

İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, yağış, daşqın, digər təbii fəlakətlər nəticəsində iqtisadi zərər görmüş vətəndaşlara və təsərrüfatlara maliyyə kompensasiyası ödənilməlidir, amma bu zaman zərərin rəsmi olaraq müəyyən edilməsi şərtdir: 

“Bu mexanizm “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun və beynəlxalq qiymətləndirmə standartları əsasında hazırlanmış Milli Qiymətləndirmə Standartlarının tələblərinə uyğun həyata keçirilir. Əslində, mənzilləri, evləri, şəxsi mülkiyyəti və əkin sahələri təbii fəlakət nəticəsində zərər görmüş vətəndaşlar, mağaza, anbar, istehsalat və xidmət obyektlərinin ziyan görmüş kiçik və orta sahibkarlıq subyektləri, taxıl, tərəvəz, meyvə və digər əkin sahələri, heyvandarlıq təsərrüfatları və digər kənd təsərrüfatı aktivləri olan fermer təsərrüfatları, təbii fəlakətlər nəticəsində fəaliyyətinə ciddi təsir dəyən biznes və qeyri-kommersiya qurumları kompensasiya hüququna malikdir. 

Lakin bu kompensasiyanın ödənilməsi üçün bu şəxslər risklərini öncədən qiymətləndirsələr, daha yaxşı olar. Ötən il və cari il təbii fəlakətlərin iqtisadi təsiri genişmiqyaslı olub. 

Rəsmi məlumatlara görə, dünya üzrə təbii fəlakətlər 2025-ci ildə iqtisadiyyata təxminən 224 milyard dollar ziyan vurub, bunun yalnız 30-48 %-i sığorta ödənişləri ilə kompensasiya olunub. Azərbaycan iqtisadiyyatında isə illik orta zərərin 250–300 milyon dollar olduğu təxmin edilir ki, bu da ölkə ÜDM-sinin 0,4–0,5 %-inə bərabərdir”. 

Onun sözlərinə görə, kompensasiya məbləği yalnız obyektiv qiymətləndirmə əsasında müəyyən edilir: 

“Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə görə, qiymətləndirmə prosesi beynəlxalq metodologiyalara və yerli standartların tələblərinə uyğun olaraq aparılır: 

• Birbaşa zərərin qiymətləndirilməsi – daşınmaz və daşınan əmlakın, əkin və təsərrüfat sahələrinin fəlakət nəticəsində dəyən real iqtisadi itkisi. 

• Dolayı zərərin qiymətləndirilməsi – əməyin məhsuldarlığının azalması, gəlir itkisi, logistik və əməliyyat xərclərinin artması. 

Təkrar fəlakət hallarında zərər çəkmiş şəxslər yenidən müraciət edərək əlavə dəstək ala bilərlər. Ödənişlərin məbləği sığorta proqramının şərtlərinə, qiymətləndirmə nəticələrinə və dövlət büdcəsi imkanlarına uyğun müəyyən edilir”. 

Ekspert qeyd edir ki, hazırkı vəziyyətdə Azərbaycan infrastrukturu, dövlət qurumları, qanunvericilik və büdcə imkanları baxımından hələ təbii fəlakət risklərinin qabaqcadan idarə olunması sahəsində tam hazır deyil: 

“Dünya praktikasında isə risklərin öncədən qiymətləndirilməsi və idarə edilməsi, fəlakət baş vermədən qabaq tədbirlər görmək iqtisadi zərərləri əhəmiyyətli dərəcədə azaldır. 

Fəlakətdən sonra düzəldici tədbirlər isə çox vaxt istənilən effekti vermir və maliyyə zərərləri daha böyük olur”. 

Seçilən
14
1
cebheinfo.az

2Mənbələr