AZ

Magistratura imtahanının 2-ci cəhdi çətin olacaq? -AÇIQLAMA

"Bəzi bakalavrlar magistratura imtahanının birinci cəhdinin aşağı-yuxarı keçənilki ilə eyni səviyyədə olduğunu deyirlər. Bəziləri isə keçənilkindən bir az çətin olduğunu söyləyirlər. İmtahan elə bir faktordur ki, imtahana hazırlaşan üçün asan, hazırlaşmayan üçün çətin olur. Əgər magistratura imtahanı həqiqətən də çətin olubsa, burada vəziyyət bir az yaxşı deyil".

Bunu Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev bildirdi.

Onun sözlərinə görə, bu il magistraturaya qəbul üçün 22 min 800 nəfər bakalavr qeydiyyatdan keçmişdi:

"Bunlardan haradasa 600 nəfərə yaxını imtahanda iştirak etmədi, 22 min 200 bakalavr imtahanda iştirak edib. Ehtimal olunur ki, bu il ümumi plan yeri 17 mindən çox olacaq. 22 min və 17 min arasında təxminən 4500–5000 ətrafında bir fərq var. Əgər suallar çətin olubsa, əlbəttə ki, müsabiqə şərtlərini ödəyənlərin sayı aşağıya düşə bilər. Bu, haradasa 22 min 200 bakalavrdan 5–6 mininin müsabiqə şərtlərini ödəməyəcəyi deməkdir. Əgər 5–6 min bakalavr müsabiqə şərtlərini ödəməyəcəksə və müsabiqəyə buraxılmayacaqsa, bu 22 min 200 gəlib çıxır 17 min ətrafına. Yəni 17 min plan yerinə 17 minə yaxın bakalavr müsabiqəyə buraxılır. Müsabiqə zamanı da təbii ki, səhv kodlaşdıranlar, seçimini düzgün etməyənlər, ümumi olaraq bəzi ixtisaslarda plan yeri məhdudiyyətləri istər-istəməz 2000-ə yaxın bakalavrın da qəbul ola bilməyəcəyindən xəbər verərsə, bu da 15 min nəfərə gəlib düşmüş olur. Yəni 17 min dövlətin verdiyi plan yerinə 15 min bakalavr seçimə buraxılır. Bu da əlbəttə ki, ən azı 2000 yerin dolmaması deməkdir. Əlbəttə ki, Dövlət İmtahan Mərkəzi bunu bu şəkildə etmək istəməz. İstəməz ki, dövlətin verdiyi plan yerləri boş qalsın. Məhz ona görə də hesab edirəm ki, ikinci cəhd imtahanının suallarını məcbur asanlaşdırmalıdır. Asan olmalıdır ki, müsabiqə şərtlərini ödəyən bakalavrların sayı ən azından plan yerlərindən çox olsun. Yəni ən azından 17 min plan yeri varsa, 20–22 min civarında bakalavr təbii ki, müsabiqəyə buraxılmalıdır ki, ədalətli, obyektiv seçim həyata keçirilsin. Amma görünən vəziyyət odur ki, bu heç də belə olmayacaq. Təxmin edirəm ki, bu imtahan çətin olduğu üçün DİM növbəti imtahanı asan edəcək. Asan etməsə vəziyyət həqiqətən gərgin olacaq".

Aytəkin TOFİQQIZI

Seçilən
33
redaktor.az

1Mənbələr