AZ

Ağdaban faciəsinin beynəlxalq səviyyədə tanıdılması vacibdir - Şərqiyyə Dadaşova

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcərin Ağdaban kəndində erməni silahlıları tərəfindən törədilən faciə Azərbaycan tarixinin ən ağır və unudulmaz səhifələrindən biri kimi yadda qalıb. Kəndin tamamilə yandırılması, dinc sakinlərə qarşı misli görünməmiş qəddarlıq və insanlıq əleyhinə törədilən bu cinayətlər tarixi yaddaşımızın qorunmasını daha da vacib edir. 

Regional Gender Mərkəzi İctimai Birliyinin sədri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, Miqrasiya Əməkdaşlıq Platformasının İdarə Heyətinin üzvü Şərqiyyə Dadaşova QHT.az-a açıqlamasında Ağdaban faciəsinin Azərbaycanın yaxın tarixinin ən qanlı səhifələrindən biri olduğunu bildirib.

Şərqiyyə Dadaşova bildirib ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Kəlbəcər rayonunun Ağdaban kəndində kütləvi qətliam törədilib. Onun sözlərinə görə, kənd tamamilə yandırılıb, dinc əhaliyə qarşı amansız cinayətlər həyata keçirilib.

Ş.Dadaşovanın sözlərinə görə, erməni silahlı birləşmələri kəndi mühasirəyə alaraq 130-dan çox evi yandırıb, qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla mülki şəxsləri xüsusi qəddarlıqla qətlə yetiriblər. O qeyd edib ki, hadisə zamanı 60-dan çox kənd sakini öldürülüb, onlarla insan yaralanıb və ya itkin düşüb.

“Ağdaban faciəsi Azərbaycanın yaxın tarixinin ən qanlı səhifələrindən biri hesab olunur” – deyə Şərqiyyə Dadaşova vurğulayıb.

Sədr vurğulayıb ki, faciə zamanı yalnız insanlar deyil, həm də Azərbaycanın tarixi-mədəni irsi hədəfə alınıb. Onun sözlərinə görə, kənddə yerləşən tarixi abidələr, kitabxanalar və aşıq yaradıcılığına aid qiymətli nümunələr məhv edilib, xüsusilə klassik aşıq sənətinin görkəmli nümayəndələri Aşıq Qurban və Aşıq Şəmşirin yurdu talan olunub.

Şərqiyyə Dadaşova bildirib ki, Ağdaban hadisəsi erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.

Onun sözlərinə görə, bu kimi faciələrin gələcək nəsillərə çatdırılmasında qeyri-hökumət təşkilatlarının rolu xüsusi əhəmiyyət daşıyır. Ş.Dadaşova qeyd edib ki, Azərbaycan QHT-ləri Ermənistanın işğalçılıq siyasəti, törətdiyi hərbi cinayətlər və mədəni irsin məhv edilməsi faktlarının beynəlxalq aləmə çatdırılması istiqamətində fəal fəaliyyət göstərirlər.

“QHT-lər bu fəaliyyətlərlə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və soyqırımı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsi prosesinə dəstək olurlar” – deyə sədr əlavə edib.

Sədrin sözlərinə görə, QHT-lər xüsusilə Ağdaban faciəsi, Xocalı soyqırımı və 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, bəyanat və müraciətlərin yayılması, anım tədbirlərinin təşkili, sənədli filmlərin və nəşrlərin hazırlanması, eləcə də monitorinq və sənədləşmə işlərinin aparılması istiqamətində mühüm işlər görürlər.

Fatimə Nəbiyeva

Seçilən
36
qht.az

1Mənbələr