AZ

Azərbaycanın artan qlobal nüfuzu: regional aktordan strateji gücə doğru

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri həm dost və qonşu ölkə ilə ikitərəfli münasibətlərin daha da inkişafı, həm də Cənubi Qafqazın yeni geosiyasi reallıqları fonunda xüsusi tarixi məna kəsb edən yenilik kimi böyük maraq doğurdu. Bu səfər son illər regionda formalaşmış yeni güc mərkəzinin -  Azərbaycanın artan beynəlxalq nüfuzunun daha bir mühüm göstəricisidir. 

Son onilliklər Azərbaycan regionda özünü qlobal əhəmiyyətli iqtisadi, xüsusən logistik mərkəz kimi təsdiqləməyə nail olub. Ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpasından sonra bölgəmizdə yaranan yeni reallıqlar fonunda bu rol  daha da güclənir. Belə bir kontekstdə Gürcüstanla münasibətlər strateji xarakter daşıyır. Tarixən Bakı-Tbilisi xətti üzərində qurulmuş əməkdaşlıq bu gün daha geniş məzmun qazanaraq enerji təhlükəsizliyi, tranzit marşrutları və regional inteqrasiyanın əsas sütunlarından birinə çevrilib.

Münasibətlərdə yeni mərhələnin başlanğıcı

Məhz bu baxımdan cənab İlham Əliyevin Gürcüstana dövlət səfəri münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Əgər əvvəlki dövrlərdə əməkdaşlıq əsasən enerji, nəqliyyat layihələrini əhatə edirdisə, indi bu münasibətlər çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Xüsusilə Orta dəhliz çərçivəsində Azərbaycanın təşəbbüskarlığı və koordinasiyaedici rolu həlledicidir. Bu da ölkəmizin yalnız Cənubi Qafqaz regionunda deyil, bütün Avrasiya məkanında mühüm logistika qovşağına çevrildiyini göstərir.

Azərbaycan Prezidentinin Gürcüstana səfərinin tarixi əhəmiyyəti həm də onun baş verdiyi beynəlxalq şəraitlə bağlıdır. İran ətrafında hərbi münaqişələr səbəbindən qlobal enerji bazarlarında qeyri-sabitliyin artdığı, nəqliyyat marşrutlarının yenidən formalaşdığı bir dövrdə Azərbaycan sabit və etibarlı tərəfdaş kimi ön plana çıxır. Gürcüstanla əlaqələrin daha da möhkəmləndirilməsi isə bu etibarlılığın institusional əsaslarını gücləndirir. 

Prezident İlham Əliyev mətbuata bəyanatında bu məsələyə xüsusi diqqət yetirərək demişdir: "Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim".

Şərq və Qərb arasında etibarlı körpü

Bu səfər eyni zamanda Azərbaycanın müstəqil xarici siyasət kursunun uğurunu nümayiş etdirir. Bakı regionda balanslaşdırılmış və praqmatik siyasət yürüdərək Şərqlə Qərb arasında körpü rolunu gücləndirir. Bu isə ölkənin beynəlxalq arenada siyasi çəkisinin artmasına, qərar qəbuletmə proseslərində söz sahibinə çevrilməsinə şərait yaradır.

Nəticə etibarilə Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri Azərbaycanın regional liderliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun artması və Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasının müəyyənləşdirilməsi baxımından mühüm tarixi fakt kimi qiymətləndirilməlidir. Ümumilikdə son illər Azərbaycan beynəlxalq münasibətlər sistemində keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Əgər bir zamanlar ölkəmizin rolu daha çox regional kontekstdə dəyərləndirilirdisə, bu gün Azərbaycan çox geniş və qlobal siyasət, iqtisadiyyat üçün son dərəcə mühüm bir coğrfiyada aparıcı geosiyasi və geoiqtisadi aktorlardan biri kimi çıxış edir. Bu transformasiya təsadüfi deyil. Prezident İlham Əliyevin liderliyi ilə aparılan ardıcıl dövlət siyasəti, düzgün seçilmiş prioritetlər və dəyişən qlobal şəraitin dəqiq qiymətləndirilməsi ölkəmizin beynəlxalq nüfuzunu getdikcə artırmaqdadır. 

Dünyanın enerji xəritəsində sabitlik yaradan güc mərkəzi

Bu yüksəlişin arxasında dayanan əsas amillərdən biri təbii ki, enerji diplomatiyasıdır. Azərbaycan Xəzər hövzəsinin zəngin enerji resurslarını beynəlxalq bazarlara çıxararaq təkcə iqtisadi qazanc əldə etməklə kifayətlənmir, eyni zamanda Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Enerji layihələri ölkənin siyasi çəkisini artıran mühüm alətə çevrilib və Bakı artıq qlobal enerji xəritəsində sabitlik yaradan güc mərkəzlərindən biri kimi qəbul olunur.

Bir faktı da qeyd edək ki, Azərbaycanın artan nüfuzu yalnız enerji amili ilə məhdudlaşmır. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə ölkəmizin nəqliyyat və logistika sahəsində həyata keçirdiyi strategiya xüsusi əhəmiyyət kəsb edir. Avropa ilə Asiyanı birləşdirən Orta dəhlizin əsas halqalarından biri olaraq Azərbaycan tədricən Avrasiyanın mühüm tranzit və logistika mərkəzinə çevrilir. Bu isə ölkəmizə yalnız iqtisadi dividendlər deyil, həm də geosiyasi təsir imkanları qazandırır.

Azərbaycanın uğur modelinin digər mühüm elementi balanslaşdırılmış xarici siyasətdir. Rəsmi Bakı müxtəlif güc mərkəzləri arasında çevik və praqmatik siyasət yürüdərək həm Qərb, həm də Şərqlə əməkdaşlıq münasibətlərini inkişaf etdirir. Bu yanaşma ölkəmizə müstəqil qərarvermə imkanlarını qorumağa və dəyişkən beynəlxalq şəraitdə manevr qabiliyyətini saxlamağa şərait yaradır. Məhz bu çoxvektorlu diplomatiya Azərbaycanın beynəlxalq arenada etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş kimi qəbul olunmasına səbəb olur.

Postmünaqişə dövründə formalaşan yeni reallıqlar da Azərbaycanın regional rolunu əhəmiyyətli dərəcədə artırmışdır. Ölkəmiz yalnız hərbi-siyasi üstünlüyünü təmin etməklə kifayətlənməyərək, eyni zamanda sülh gündəliyinin təşəbbüskarı kimi çıxış edir, quruculuq-bərpa və inteqrasiya layihələri ilə regionda uzunmüddətli sabitliyin formalaşmasına töhfə verir. Bu isə Azərbaycanın regional liderlik mövqeyini daha da gücləndirir.

Azərbaycan çoxtərəfli diplomatiyada da fəallığını artıraraq beynəlxalq platformalarda öz mövqeyini möhkəmləndirir. Müxtəlif qlobal və regional təşəbbüslərdə iştirak, yeni tərəfdaşlıqların qurulması və beynəlxalq tədbirlərə evsahibliyi ölkəmizin beynəlxalq imicini yüksəldən mühüm amillərdəndir. Bu proses Azərbaycanın qlobal dialoq məkanlarında daha görünən və təsirli aktora çevrildiyini göstərir.

Nəhayət, Azərbaycanın geostrateji mövqeyi onun artan nüfuzunun təbii əsasını təşkil edir. Şərq ilə Qərbin, Şimal ilə Cənubun kəsişməsində yerləşən ölkəmiz düzgün siyasət nəticəsində bu coğrafi üstünlüyü real siyasi və iqtisadi gücə çevirə bilib. Nəticədə bu gün Azərbaycan artıq sadəcə tranzit ərazi deyil, qlobal prosesləri birləşdirən və istiqamətləndirən "körpü dövlət" funksiyasını yerinə yetirir.

Uzunmüddətli strateji inkişaf kursunun müəllifi

Bütün bu amillərin məntiqi nəticəsi olaraq Azərbaycan beynəlxalq münasibətlər sistemində getdikcə daha mühüm rol oynayan, təşəbbüslər irəli sürən və regional deyil, daha geniş miqyasda təsir gücünə malik olan dövlətə çevrilib. Bu isə onu göstərir ki, ölkəmizin qlobal nüfuzunun artması keçici tendensiya deyil, uzunmüddətli strateji inkişaf kursunun nəticəsidir. Bu kursun müəllifi Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə yetirmiş cənab İlham Əliyevdir. Hadisələr göstərir ki, ölkəmizin qlobal nüfuzunun artması təkcə obyektiv geosiyasi və iqtisadi amillərlə bağlı deyil. Bu prosesdə siyasi iradə, strateji baxış və ardıcıl idarəetmə modeli həlledici əhəmiyyət daşıyır. Məhz bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin rolu, tarixi xidmətləri müstəsnadır. 

Bu rol ilk növbədə Azərbaycanın xarici siyasət kursunun formalaşdırılmasında və onun davamlığının təmin edilməsində özünü göstərir. Son illər ölkənin yürütdüyü balanslaşdırılmış və çoxvektorlu diplomatiya məhz mərkəzləşdirilmiş strateji yanaşmanın nəticəsidir. Cənab İlham Əliyevin siyasi iradəsi və məsələlərə strateji baxışı sayəsində müxtəlif güc mərkəzləri ilə paralel və qarşılıqlı faydaya əsaslanan münasibətlərin qurulması Azərbaycanın beynəlxalq arenada manevr imkanlarını genişləndirməkdədir. 

Dövlətimizin başçısının liderliyi ilə reallaşdırılan iri enerji layihələri Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaşlardan birinə çevirib. Bu isə ölkənin yalnız iqtisadi deyil, siyasi nüfuzunun da artmasına səbəb olub. Eyni zamanda Prezidentin nəqliyyat və logistika strategiyasına verdiyi önəm Azərbaycanın geoiqtisadi rolunu əhəmiyyətli dərəcədə genişləndirib. Orta dəhliz kimi təşəbbüslərin inkişafında respublikamızın aktiv mövqeyi, beynəlxalq tərəfdaşlarla koordinasiya və infrastruktur layihələrinin sürətləndirilməsi birbaşa siyasi rəhbərliyin prioritetləri ilə bağlıdır.

Tarixi Zəfərimizlə regionda yeni reallıqlar yaratmış cənab İlham Əliyev postmünaqişə dövründə yalnız hərbi-siyasi nəticələrin möhkəmləndirilməsi ilə kifayətlənməyərək, regionda yeni əməkdaşlıq formatlarının təşviqi, sülh gündəliyinin irəli sürülməsi və yenidənqurma proseslərinin koordinasiyası ilə çıxış edir. Bu yanaşma Azərbaycanın regional liderliyini daha da gücləndirir.

Bütün bunlarla yanaşı, Azərbaycan Prezidentinin beynəlxalq platformalarda fəal iştirakı, ikitərəfli və çoxtərəfli görüşlərdə irəli sürdüyü təşəbbüslər Azərbaycanın qlobal nüfuzunu daha da artırır. Dövlətimizin başçısının çıxışları, irəli sürdüyü tezislər, sistemli, ardıcıl diplomatik fəaliyyəti ölkəmizin mövqeyini aydın şəkildə dünya ictimaiyyətinə çatdırır. Həmçinin zəmanəmizin ən parlaq siyasi liderlərindən biri kimi cənab İlham Əliyev şəxsiyyətinə olan beynəlxalq rəğbət və inam dövlət rəhbərimizin şəxsində Azərbaycanın qlobal nüfuzunu daha da yüksəldir. 

Davamlı və çoxşaxəli əsaslarla aydın gələcəyə

Müasir dünyamız yalnız geosiyasi deyil, həm də texnoloji və enerji transformasiyası dövrünü yaşayır. Bu dəyişikliklər dövlətlərin beynəlxalq mövqeyini müəyyən edən əsas amilləri yenidən formalaşdırır. Belə bir şəraitdə Azərbaycanın gələcək rolu artıq təkcə enerji və nəqliyyat imkanları ilə deyil, həm də innovasiya, rəqəmsallaşma və "yaşıl inkişaf" strategiyaları ilə müəyyən olunacaq.

Ənənəvi olaraq enerji resursları ilə tanınan Azərbaycan qarşıdakı dövrdə bu üstünlüyünü yeni mərhələyə keçirməyə çalışır. Xüsusilə "yaşıl enerji" sahəsində atılan addımlar ölkəmizin beynəlxalq nüfuzunu artırmaq potensialına malikdir. Xəzər dənizinin böyük külək enerjisi potensialı, Günəş enerjisi layihələri və alternativ enerji mənbələrinə yönəlmiş investisiyalar Azərbaycanın "təmiz enerji" ixracatçısına çevrilməsi perspektivini gücləndirir. Bu isə Avropanın enerji təhlükəsizliyində ölkənin rolunu yalnız qaz və neftlə deyil, həm də bərpaolunan enerji ilə möhkəmləndirəcək.

Buna paralel olaraq, süni intellekt və rəqəmsal texnologiyalar sahəsində inkişaf Azərbaycanın gələcək beynəlxalq mövqeyinə yeni məzmun qazandıracaq. Qlobal iqtisadiyyatın getdikcə rəqəmsallaşdığı bir dövrdə dövlətlərin rəqabət qabiliyyətinin yalnız təbii resurslarla deyil, həm də texnoloji potensialla ölçüldüyünü nəzərə alsaq, Azərbaycanın süni intellekt,  rəqəmsal iqtisadiyyat və s. kimi innovativ sahələrə investisiya qoyması ölkəmizi regionun həm də innovasiya mərkəzinə çevirəcək. Bu istiqamətdə həyata keçirilən layihələr respublikamızın artıq yalnız xammal ixracına deyil, bilik və texnologiya əsaslı inkişaf strategiyasına söykənir.

Eyni zamanda Azərbaycanın nəqliyyat və logistika mərkəzi kimi rolu da rəqəmsal transformasiya ilə daha da güclənəcək. Orta dəhlizin inkişafı ilə yanaşı, bu marşrutun rəqəmsal idarə olunması, logistika proseslərinin avtomatlaşdırılması və süni intellektin tətbiqi ölkənin tranzit imkanlarını daha səmərəli və rəqabətqabiliyyətli edəcək.

Bütün bu istiqamətlər Azərbaycanın çoxvektorlu xarici siyasəti ilə vəhdət təşkil edir. Müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq edən ölkəmiz həm enerji, həm texnologiya, həm də nəqliyyat sahələrində paralel tərəfdaşlıqlar quraraq qlobal sistemdə öz yerini daha da möhkəmləndirəcək. 

Bu reallıq və perspektivlər ölkəmizin beynəlxalq nüfuzunun daha davamlı və çoxşaxəli əsaslar üzərində formalaşmasını təmin edir, Azərbaycanın qlobal nüfuzunun yeni mərhələyə yüksəldiyini göstərir. 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
30
50
azerbaijan-news.az

10Mənbələr